Azərbaycan, Bakı, 21 oktyabr /Trend müxbir A.Tağıyeva/
Suriyanın müxtəlif şəhərlərində kütləvi cümə nümayişləri nəticəsində ölkənin təhlükəsizlik qüvvələri tərəfindən 14 nəfər öldürülüb. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən xəbər verir.
Suriyada minlərlə nümayişçi ölkə başçısı Bəşşar əl-Əsədin istefasını tələb edir.
Siriyada nümayişlər Liviyanın sabiq lideri Müəmmər Qəddafinin cümə axşamı Milli Keçid Şurası tərəfindən Sirt şəhərində həbs edilməsindən sonra baş verən atışma nəticəsində ölməsindən sonra güclənib.
Suriyada hökumət əleyhinə etiraz aksiyaları təqribən yeddi aydır ki, davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına əsasən, indiyə qədər toqquşmalar nəticəsində ölənlərən sayı 3 min nəfəri keçib. Suriya hökuməti isə hər iki tərəfdən 1,5 min nəfərdən çox insanın öldüyünü bildirir.
Ölkə müxalifəti Prezident Bəşşar əl-Əsədin istefasını və siyasi islahatların keçirilməsini tələb edir. ABŞ və Avropa İttifaqı əl-Əsədi istefaya getməyə çağırıb və Suriyaya qarşı sanksiyaların tətbiq edilməsində təkid edirlər.
Oktyabrın 4-də Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməni bloklayıblar. Sənəd, Suriya hakimiyyəti tərəfindən ölkədə müxalifətə təziyiqin davam etdiriləcəyi halda, sanksiyaları nəzərdə tutur.