...

Azərbaycanın səfiri Bolqarıstanda nüfuzlu BNT kanalına müsahibə verib

Siyasət Materials 27 Oktyabr 2011 13:25 (UTC +04:00)
Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar Bolqarıstanda ən nüfuzlu BNT dövlət televiziya kanalına müsahibə verib.
Azərbaycanın səfiri Bolqarıstanda nüfuzlu BNT kanalına müsahibə verib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar Bolqarıstanda ən nüfuzlu BNT dövlət televiziya kanalına müsahibə verib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Səfir ilk növbədə müstəqilliyimizin tarixindən bəhs edərək müstəqilliyimizin ilk dövrlərində çətin iqtisadi və siyasi vəziyyətdən, əhalinin ağır, acınacaqlı durumundan, həmin ərəfələrdə ermənilərin ölkəmizin ərazi bütövlüyünə təcavüz etməsindən və nəticədə torpaqlarımızın 20 fazini işğal etməsindən, 1 milyondan çox insanın qaçqın düşməsindən, erməni vəhşiliklərindən və bu çətin vəziyyətdə xalqımızın müraciəti ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən, onun yüksək səyi və siyasi bacarığı ilə ölkədəki acınacaqlı vəziyyətə son qoyulmasından, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin elan edilməsindən, iqtisadiyyatımızın dirçəlməsindən danışıb.

Bununla yanaşı, səfir Kərimov ümummilli liderin və onun siyasi kursunun davamçısı İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı uğurlu islahatlar nəticəsində iqtisadiyyatımızın güclənməsindən və son 5 ildə 2,6 dəfə artmasından, yoxsulluğun 45%-dən 11%-ə enməsindən, ümumi daxili məhsulun 9,3% artmasından, siyasi və iqtisadi sahələrdə böyük nailiyyətlər əldə olunmasından, ölkənin bir çox beynəlxalq təşkilatların üzvü olmasından və 140-dan çox ölkə ilə ticari əlaqələrə malik olmasından ətraflı danışıb.

Kərimov ölkəmizin bu yaxınlarda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi barədə məlumat verib və bu seçimi dünya ölkələrinin ölkəmizə ehtiramı və marağı ilə əlaqələndirərək, dövlətimizin qeyri-daimi üzvlükdə aktiv fəaliyyət göstərəcəyini və ona olan etimadı doğruldacağını bildirib.

Həmçinin Azərbaycan səfiri torpaqlarımızın işğalının ermənilər tərəfindən hələ də davam etməsindən danışaraq, bu cür dözülməz vəziyyətin təkcə regionumuza yox, bütün dünyaya böyük təhlükə törətdiyini bildirib və Dağlıq Qarabağ münaqişəsində ölkəmizin sülh yolu ilə beynəlxalq hüquq normaları və ərazi bütövlüyümüz çərçivəsində həllinə tərəfdar olduğunu qeyd edib.

Kərimov 20 illik müstəqillik dövründə ölkəmizdə keçirilmiş yüksək səviyyəli müxtəlif beynəlxalq tədbirlərdən, konfranslardan, yarışlardan danışaraq və Eldar Qasımov və Nigar Camalın təkrarolunmaz ifası ilə "Eurovision" mahnı müsabiqəsindəki qələbəmizdən bəhs edərək "Eurovision" mahnı müsabiqəsinin 2012-ci ildə Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük şərəf olduğunu qeyd edib.

Müsahibədə səfir ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun davamçısı İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin iqtisadi inkişafı ilə Qafqazda lider ölkə olduğunu, eləcə də enerji təhlükəsizliyinin təminatında regionda və dünyada vacib rol oynadığını qeyd edib və ölkəmizə beynəlxalq arenada etibarlı tərəfdaş kimi baxıldığını bildirib.

Həmçinin səfir müsahibəsində Azərbaycan-Bolqarıstan arasında tarixi köklərə söykənən müsbət əlaqələrdən, iki ölkə arasında ticarət dövriyyəsinin il ərzində 4 dəfə artmasından, cari ildə Bolqarıstanın mədəniyyət, səhiyyə, iqtisadiyyat, energetika və turizm nazirlərinin ölkəmizə səfərindən, ölkəmizin Bolqarıstanla inkişaf etmiş energetika sahəsi ilə yanaşı, kənd təsərrüfatı, yüngül sənaye, tikinti, nəqliyyat, əczaçılıq, turizm sahələri üzrə də əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti