...

Azərbaycan və Bolqarıstan prezidentlərinin ali ordenlərlə təltif olunma mərasimi keçirilib (ƏLAVƏ OLUNUB)(FOTO)

Siyasət Materials 14 Noyabr 2011 22:40 (UTC +04:00)
Noyabrın 14-də Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimindən sonra Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib.
Azərbaycan və Bolqarıstan prezidentlərinin ali ordenlərlə təltif olunma mərasimi keçirilib (ƏLAVƏ OLUNUB)(FOTO)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 18:40-da yayılıb)

Azərbaycan, Bakı, 14 noyabr / Trend /

Noyabrın 14-də Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimindən sonra Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib.

"Bu gün Bolqarıstan-Azərbaycan münasibətlərinin tarixində çox əlamətdar bir gündür. Siz ölkəmizdə rəsmi səfərdəsiniz və çox vacib sənədlər imzalanmışdır. Bir dost kimi bu əlamətdar gündə Sizin Bolqarıstana rəhbərlik etdiyiniz dövrdə gördüyünüz işlərlə bağlı bir neçə kəlmə demək istərdim.

Siz on ildir ki, Bolqarıstana rəhbərlik edirsiniz. Sizin rəhbərliyiniz altında ölkəniz böyük və uğurlu yol keçmişdir. Ölkənizdə aparılan siyasi və iqtisadi islahatlar Bolqarıstanın inkişafını şərtləndirən amillər olmuşdur" Azərbaycan Prezidenti İlham Əliyev təltif oıunma mərasimində deyib.

Dövlət başçısı deyib ki, bu illər ərzində Bolqarıstan həm NATO-ya, həm Avropa İttifaqına üzv olub.

"Hesab edirəm ki, ölkəniz üçün bu, tarixi nailiyyətlərdir. Bolqarıstan dünyada çox etibarlı dost və tərəfdaş ölkə kimi tanınır. Siz də dövlət xadimi kimi, dünyada çox böyük nüfuza maliksiniz.

Qeyd etməliyəm ki, bu illər ərzində bizim ikitərəfli münasibətlərimiz də çox uğurla inkişaf etmişdir. Biz Sizinlə demək olar ki, hər il görüşürük və şəxsi dostluq əlaqələrimiz ikitərəfli əlaqələrin inkişafına da müsbət təsir göstərir. Son illər ərzində münasibətlərimiz, yəni, Bolqarıstan-Azərbaycan münasibətləri çox yüksək səviyyəyə qalxmışdır. Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyiniz xidmətlərə və verdiyiniz töhfəyə görə Siz Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilirsiniz" Prezident bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev "Heydər Əliyev" ordenini Bolqarıstan Prezidenti Georgi Pırvanova təqdim etdi.

Prezident Georgi Pıranov bildirib:
"Apardığım fəaliyyətə və göstərdiyim xidmətlərə verdiyiniz belə bir yüksək qiymətə görə Sizə təşəkkürümü bildirirəm.

Bəli, bu, həqiqətdir ki, iki xalqın arasında tarixən ənənəvi dostluq münasibətləri mövcud olubdur. Lakin qeyd etmək istəyirik ki, son on il ərzində ikitərəfli əlaqələrimiz ən yüksək səviyyəyə qalxıb.

Mən bu ali mükafatı böyük minnətdarlıq hissi ilə qəbul edirəm, eyni zamanda, mənə verilən bu ordeni mən, həmçinin Bolqarıstan Respublikasının, bolqar xalqının keçdiyi şanlı yola və bizim son illər ərzində apardığımız gərgin fəaliyyətin nəticəsinə verilən qiymət kimi qəbul edirəm.

Digər tərəfdən, hörmətli cənab Prezident, biz Sizin də bu istiqamətdə göstərdiyiniz səyləri, Azərbaycanın rəhbəri kimi apardığınız fəaliyyəti də yüksək dəyərləndiririk. Mən Azərbaycana tez-tez səfər edirəm, Siz də Bolqarıstana dəfələrlə səfər etmisiniz. Hər dəfə gələndə görürəm ki, ölkənizdə dəyişikliklər baş verib. Mən görürəm ki, müasir Azərbaycan necə inkişaf edir. Mən deyərdim bu inkişaf illərlə deyil, hətta saatlarla baş verir. Qeyd etmək istəyirik ki, şəxsən mən və Bolqarıstanın bir çox qurumları Sizin Avropa miqyasında qazandığınız nüfuzu bilirik, bunu alqışlayırıq və eyni zamanda, ölkənizin Avropa təsisatlarına daha da yaxınlaşması istiqamətində göstərdiyiniz səyləri olduqca mühüm hesab edirik.

Burada şəxsən Sizin qarşınızda bəyan etmək istəyirəm ki, Bolqarıstanda mövcud olan bütün təsisatlar, Bolqarıstan cəmiyyəti Sizi bolqar xalqının ən yaxın dostu hesab edir.
İndi isə mən Sizin apardığınız fəaliyyətə minnətdarlıq əlaməti olaraq Bolqarıstanın ali mükafatını - "Stara Planina" ordenini Sizə təqdim edirəm".

Prezident Georgi Pırvanov Bolqarıstan Respublikasının ən ali mükafatını - "Stara Planina" ordenini dövlətimizin başçısına təqdim etdi.

X X X
Prezident İlham ƏLİYEV minnətdarlığını bildirərək dedi:
-Çox sağ olun, hörmətli cənab Prezident! Bu yüksək mükafata görə Sizə minnətdaram. Bolqarıstan dövlətinin yüksək mükafatını almaq mənim üçün böyük şərəfdir. Siz də qeyd etdiyiniz kimi, biz Bolqarıstana, bolqar xalqına böyük rəğbətlə yanaşırıq. Bolqarıstan bizim üçün dost ölkədir, yaxın ölkədir. Mən çalışacağam ki, bundan sonra da Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafı üçün öz səylərimi əsirgəməyim. Bir daha Sizə minnətdaram.

Xəbər lenti

Xəbər lenti