...

Azərbaycanın müxalifət partiyasının sədri ideoloji cəhətdən eyni olan partiyaların birləşməsini zəruri sayır

Siyasət Materials 18 Yanvar 2012 15:57 (UTC +04:00)
Azərbaycanın müxalif Demokrat Partiyasının (ADP) sədri ideoloji cəhətdən eynilik olduğu halda, xırda partiyaların böyük partiyalarla birləşməsini zəruri hesab edir.
Azərbaycanın müxalifət partiyasının sədri ideoloji cəhətdən eyni olan partiyaların birləşməsini zəruri sayır

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalif Demokrat Partiyasının (ADP) sədri ideoloji cəhətdən eynilik olduğu halda, xırda partiyaların böyük partiyalarla birləşməsini zəruri hesab edir.

"İdeoloji cəhətdən eynilik təşkil edən, yalnız adı, lideri fərqli olan partiyalar mütləq birləşməlidir", - bunu çərşənbə günü Trend-ə ADP-nin sədri Sərdar Cəlaloğlu bildirib.

Onun sözlərinə görə, bir xırda və bir böyük partiya ideoloji cəhətdən fərqlidirsə, onların birləşməsi qeyri-mümkündür. Bu baxımdan əsas məsələ ideoloji yaxınlıq götürülməlidir.

"Cəmiyyətdə yalnız ideoloji fərqliliyi özündə əks etdirən, böyüklüyündən kiçikliyindən asılı olmayan partiyalar mövcud olmalıdır. Misal üçün, dünyada ideoloji istiqamətinə görə bütün partiyaları birləşdirsək, dörd qrup ideoloji partiya aşkarlanar", - Cəlaloğlu deyib.

O bildirib ki, bunlardan birincisi, sosial-demoktrat ideologiyasını müdafiə edən partiyalar, ikincisi, liberal partiyalar, üçüncüsü, milli demokratik partiyalar və dördüncüsü, dini partiyalardır.

"Bu baxımdan Azərbaycanda ən azı bir liberal partiya, bir milli-demokrat partiya, bir sosial demokrat partiyası və bir İslam demokrat partiyası olmalıdır. Yerdə qalan bütün partiya çoxluğu əslində bu dörd ideyanın müxtəlif modifikasiyalarından ibarətdir", - Cəlaloğlu qeyd edib.

O, hesab edir ki, dörd əsas ideologiya var ki, bu ideologiyaları təmsil edən partiyalar olmalıdır, çünki insanların hüquqları dörd qrupa, yəni fərdi, sosial, dini və milli hüquqlara bölünür.

"Bu dörd hüquqların özlərinin bölgüsü fərqli olduğuna görə, fərqli mübarizə üsulları və s. tələb etdiyinə görə bunları birləşdirmək mümkün deyil. Yalnız cəmiyyət sosial təhlükə qarşısında qalarsa, bu partiyalar birgə cəbhələr yarada bilər və ya xarici düşmənə qarşı birgə vuruşa bilərlər. Yəni xarici düşmənə qarşı bu dörd qüvvə birləşə bilər, daxili mübarizədə isə bu dörd qüvvə heç zaman birləşə bilməz və birləşməsi də düzgün olmazdı", - Cəlaloğlu deyib.

O, həmçinin deyib ki, bu cür partiyaların çoxluğu demokratiyanın qüsurlarından biridir, demokratiyadan sui-istifadədir.

"Yəni demokratik azadlıqlar verilir və çoxlu sayda partiyalar yaranır. Bu ona gətirir ki, həqiqi partiyalaşma baş vermir. Baxırsan ki, bir cəmiyyətdə çoxlu partiyalar var, ancaq orada plüralizm yoxdur. Bu baxımdan demokratiyadan sui-istifadə aradan qalxmalıdır. İdeoloji baxımdan eyni olan partiyalar bir mərkəzdə birləşməlidir", - Cəlaloğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti