Azərbaycan, Bakı, 24 yanvar /Trend müxbir S.Ağayeva/
Fransanın yüz illik tarixi olan hadisələrin kriminallaşdırılması haqqında qanunu qəbul etməsi söz azadlığına və demokratiyanın prinsiplərinə zərbədir. Bunu azərbaycanlı politoloq, Trend-in Ekspert Şurasının üzvü Fikrət Sadıqov bildirib.
"Fransa hər şeyi edir ki, ona demokratiyanın prinsiplərini və söz azadlığını tapdalayan ölkə kimi yanaşsınlar. Bunu başqa cür qiymətləndirmək mümkün deyil" , - Fransa Senatının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət təqibi haqqında qanun layihəsini qəbul etməsini şərh edən politoloq çərşənbə axşamı Trend-ə deyib.
Dünən Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.
Politoloqun sözlərinə görə, Senatda səsvermə ilk növbədə o faktı göstərdi ki, hər halda Fransada sağlam düşüncəli siyasətçilər var. Ölkənin nüfuzu və imici onları narahat edir. Heç də hamı mütləq 1915-ci ildəki hadisələrin kriminallaşdırılması haqqında qanunun qəbulunu vacib hesab etmir.
Fransa parlamentinin aşağı palatasında - Milli Assambleyada bu qanun layihəsi səsvermə zamanı deputatların minimum sayda iştirakı səbəbindən minumum səs sayı ilə qəbul edilib. Senatın komissiyası, həmçinin belə layihənin Fransanın maraqları ilə ziddiyət təşkil etməsi haqqında məsələ qoydu. Sadıqovun sözlərinə görə, Fransada belə qanunların zərərini başa düşən sağlam düşüncəli ictimai xadimlər və siyasətçilər var. Görünür təzyiq olduqca güclüdür.
"Burada o faktı nəzərə almaq lazımdır ki, Fransanın rəhbərliyi və siyasi elitası erməni lobbisi ilə fəal əlaqədədir. Sirr deyil ki, Fransada Türkiyənin iqtisadi artımı və müdafiə potensialından, onun islam dünyasındakı əhəmiyyətli rolu və beynəlxalq arendakı ciddi nüfuzundan heç də razı deyillər. Bütün bunlar Parisin Türkiyəni Aİ-nin sıralarında görmək istəməməsinə söykənir. Bu əlbəttə ki, cansıxıcı faktdır, lakin, düşünürəm ki, bu, fransız siyasətçilərin və ictimai xadimlərin son sözü deyil" , - politoloq qeyd edib və xatırladıb ki, indi qondarma "erməni soyqırımı"nın inkarının kriminallaşdırılması haqqında qanun Konstitusiya Məhkəməsi və Fransa Prezidenti tərəfindən təsdiqlənməlidir.
Politoloqun sözlərinə görə, məsələyə Fransa Konstitusiya Məhkəməsində baxılması asan olmayacaq, çünki orada sağlam düşüncəli hüquqşünas və siyasətçilər var. Onlar başa düşməlidirlər ki, hansı sənədi təsdiq edirlər.
"Əks halda qanunun yekun təsdiqi özünü həmişə azadlıqsevər ölkə kimi təqdim edən Fransanın imic və nüfuzuna ciddi zərbə vuracaq. İndi isə faktiki olaraq Fransa hər şey edir ki, ona demokratiyanın prinsiplərini və söz azadlığını tapdalayan ölkə kimi yanaşsınlar, bunu başqa cür qiymətləndirmək mümkün deyil" , - Sadıqov deyib.
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
"Milliyet" qəzetinin məlumatına görə, Fransa Senatı tərəfindən sözügedən qanunun qəbulu ilə əlaqədar olaraq, Türkiyə Parisə qarşı əlavə sanksiyaların tətbiqi məsələsini müzakirə edir.
Qəzetin yazdığına görə, o cümlədən Türkiyə hakimiyyəti Fransa ilə diplomatik münasibətlərin minimuma endirilməsi və öz səfirinin Parisdən geri çağırılması məsələsini də müzakirə edir.
"Nəzərdən keçirilən başqa sanksiyalar arasında Fransa şirkətlərinin Türkiyədəki tenderlərdə iştirakına qadağa, Fransanın hərbi gəmiləri və təyyarələri üçün Türkiyənin hava və dəniz məkanının bağlanması da var. Bundan başqa, Ankara Fransa parlamentinin qəbul etdiyi qərarın ləğvinə nail olmaq üçün beynəlxalq hüququn bütün imkanlarından istifadə etmək niyyətindədir", - "Milliyyət" yazır.
Bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Fransaya qarşı sanksiyaların siyahısını açıqlayacağı gözlənilir.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.