Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir A.Tağıyeva/
Qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu Fransa-Türkiyə münasibətlərini başqa məcraya gətirəcək və Türkiyə Fransaya qarşı sərt addımlar atacaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Türkiyə Prezidenti Abdullah Gül bildirib.
"Türkiyə iki ölkənin münasibətlərinə ağır zərbə vuracaq bu qanunu təəssüflə qınayır", - o deyib.
Bazar ertəsi Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan artıq bəyan edib ki, Türkiyə Fransaya qarşı yeni sanksiyalar hazırlayır.
Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim etmişdilər.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.