Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir E.Mehdiyev/
MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (PAA DİMBİ) Bakı filialının nümayəndə heyəti Rusiyada keçiriləcək prezident seçkilərinin təşkili və keçirilməsinin uzunmüddətli müşahidəsini həyata keçirmək üçün fevralın 13-də Rusiyanın Şimali Qafqaz və Cənub Federal dairələrinə yola düşəcəklər.
MDB PAA DİMBİ Bakı filialının mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, MDB PAA Şurasının xətti ilə 4 mart 2012-ci ildə keçiriləcək prezident seçkilərinin monitorinqini sözügedən bölgələrdə həyata keçirmək üçün MDB PAA Şurasının Baş katibinin müavini, Milli Məclisin MDB PAA-da daimi nümayəndəsi Aydın Cəfərov, filialın direktoru Elman İmaməliyev, əməkdaş Teymur Muradov və iki ekspertdən ibarət müşahidə qrupu Rusiyanın Stavropol və Krasnodar vilayətlərinə yola düşəcəklər.
Qrup üzvləri səfər çərçivəsində vilayət və şəhər rəhbərləri ilə, həmçinin seçki komissiyalarının sədrləri ilə görüşlər keçirəcək. Seçki komissiyalarının fəaliyyəti, namizədlərin qeydiyyatı, siyasi partiyaların fəaliyyəti, KİV-lərin seçkiqabağı fəaliyyəti və təbliğat-təşviqat kampaniyasının aparılması istiqamətində monitorinqlər həyata keçiriləcək. Seçkilərin təşkili və keçirilməsinin uzunmüddətli monitorinqinin ilkin nəticələrinə əsasən, aralıq hesabat hazırlanacaq.
Səfər fevralın 20-də başa çatacaq. Bu müşahidə qrupu 4 mart 2012-ci ildə keçiriləcək prezident seçkilərini müşahidə etmək və yekun hesabat hazırlamaq üçün bu ölkəyə yenidən səfər edəcəklər.