...

Deputatlar Ukraynadakı azərbaycanlı gənclərlə görüşüblər (FOTO)

Siyasət Materials 14 Mart 2012 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev/

Milli Məclisdə çərşənbə günü Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu günlərdə Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçısı olan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri ilə görüşüblər.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə parlamentin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Ukrayna parlamentlərarası işçi qrupunun rəhbəri Eldar İbrahimov Birliyin nümayəndələrinə parlamentin fəaliyyəti, komitələrin, deputatların, dostluq qruplarının gördüyü iş, diaspor təşkilatları ilə əlaqələr barədə məlumat verib. İbrahimov Xocalı soyqırımının ildönümü ilə əlaqədar azərbaycanlı gənclərin Ukraynada keçirdikləri tədbirləri çox yüksək dəyərləndirib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov görüşdə bildirib ki, rəhbəri olduğu təşkilatın şöbələri Krım vilayətində, Nikolayev və Odessa şəhərlərində də fəaliyyət göstərir. Sonra Tahirov ulu öndər Heydər Əliyevlə xaricdə təhsil alan azərbaycanlı tələbələrin çoxsaylı görüşlərini xatırlayıb və fəaliyyət prinsiplərinin dahi liderin dəyərli tövsiyələrinə söykəndiyini vurğulayıb.

Görüşdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Elmira Axundova, Adil Əliyev, İqbal Məmmədov iki ölkə arasında münasibətlərin gələcək inkişafında gənclərə böyük ümid bəslədiklərini diqqətə çatdırıblar.

Görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclər təşkilatlarının rolu, xaricdə təhsil, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti