...

Əli Həsənov: Bu gün keçirilən aksiyada Azərbaycan xalqının mentalitetinə, mənəvi dəyərlərinə zidd davranışın şahidi olduq

Siyasət Materials 17 Mart 2012 17:58 (UTC +04:00)
Demokratik dövlət olan Azərbaycanda vətəndaşların ifadə, sərbəst toplaşmaq və digər hüquq və azadlıqları tam təmin edilib.
Əli Həsənov: Bu gün keçirilən aksiyada Azərbaycan xalqının mentalitetinə, mənəvi dəyərlərinə zidd davranışın şahidi olduq

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir M.Əliyev/

Demokratik dövlət olan Azərbaycanda vətəndaşların ifadə, sərbəst toplaşmaq və digər hüquq və azadlıqları tam təmin edilib. Qanunla müəyyən olunmuş qaydada insanların toplaşaraq öz fikirlərini, mövqeyini bildirmək üçün zəruri şərait yaradılıb. Müxalifət partiyalarını təmsil edən gənclərin keçirdikləri mitinq bunu əyani şəkildə sübut etdi. Trend-in məlumatına görə, bu barədə müxalifət partiyalarının gənclər təşkilatlarının bu gün keçirdiyi mitinqə münasibət bildirən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə deyib.

"Lakin təəssüflə onu da bildirmək istərdim ki, bu aksiyada Azərbaycan xalqının, onun aparıcı qüvvəsi olan Azərbaycan gəncliyinin mentalitetinə, mənəvi dəyərlərinə zidd davranışın da şahidi olduq. Daim milli xüsusiyyətlərdən, əxlaqi dəyərlərdən, insani keyfiyyətlərdən ağzı dolusu danışanlar öz "liderlərinin" mənəviyyatına uyğun olaraq mövqelərini söyüş, təhqir, əxlaqsız hərəkətlərlə ifadə etdilər. Əslində bu, Azərbaycan xalqına, gənclərimizə qarşı təhqirdir", - Həsənov deyib.

O qeyd edib ki, digər tərəfdən, bu aksiya meydan veriləcəyi təqdirdə on minlərlə insanı bir araya toplayacaqlarını daim təkrarlayan radikal müxalifət təmsilçilərinin həqiqətdə nəyə qadir olduqlarını açıq göstərdi. Bir daha sübut olundu ki, Azərbaycanın siyasi arenasında radikalizmə, dağıdıcılığa yer yoxdur.

Xəbər lenti

Xəbər lenti