...

BMT-nin baş katibi Novruz bayramı münasibətilə dünya xalqlarına müraciət edib

Siyasət Materials 20 Mart 2012 02:37 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun Novruz bayramı münasibətilə dünya xalqlarına müraciət edib.
BMT-nin baş katibi Novruz bayramı münasibətilə dünya xalqlarına müraciət edib

Azərbaycan, Bakı, 20 mart /Trend/

BMT-nin baş katibi Pan Gi Mun Novruz bayramı münasibətilə dünya xalqlarına müraciət edib.

"Bu gün Novruz bəşər tarixinin mövcud olduğu min illər boyunca dünyada üç milyon insan üçün regionları və millətləri, etiqad və dilləri baharın ilk günündə təbiətin yenilənməsi münasibətilə birləşdirir", - BMT-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə daxil olan müraciətdə deyilir.

Müraciətdə bildirilir ki, Novruz ailə və dostlar, bayram təamları, rəqs və şənlik bayramıdır. Novruz bütün icmalar arasında qarşılıqlı hörmət və harmoniyaya xüsusi diqqət ayrıldığı bir gündür. Novruz təravətlilik və oyanış, sülh və rifah arzularımızın yeniləndiyi bir andır.

Sənəddə qeyd olunur ki, hər il bu bayram dünyadakı fərqlilikləri nümayiş etdirir və bizim hər birimizi birləşdirən ortaq cəhətləri möhkəmləndirmək üçün bir şans yaradır. Məhz buna görə də Novruz bayramı bu yaxınlarda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu addımın atılmasına səbəb olan birgə səylər BMT Baş Assambleyasının 21 mart tarixini Beynəlxalq Novruz Günü kimi tanımasına gətirib çıxarıb.

Baş katib müraciətində vurğulayır ki, Novruzun qeyd edildiyi ərazilər də daxil olmaqla, qlobal dəyişikliklər və tərəddüdlərin baş verdiyi bir vaxtda kökündə sülhə çağırışın durduğu bu günün qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır. "Mənim ürəyim çətin şərtlər altında Novruzu qeyd edən icmalarladır. Bu bayram insanların taleyinin bir olması və hər kəs üçün daha yaxşı gələcəyə nail olmaq məqsədilə çalışmalı olduğumuz haqqında bir xatırlatmadır", - müraciətdə deyilir.

"Gəlin təbiətin yenilənməsini qeyd etmək üçün səylərimizi birləşdirək və daha təhlükəsiz, dinc və ədalətli qlobal icma qurmaq üçün üzərimizə öhdəlik götürək. Novruzun və il ərzində bizim hər birimizin qarşısında duran əsas məsələ də məhz budur", - sənəddə deyilir.

Xəbər lenti

Xəbər lenti