Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A.Axundov/
Ötən dövr ərzində ölkəmiz dünyada enerji daşıyıcılarının etibarlı təchizatçısı kimi tanınıb. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev çərşənbə axşamı Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin tikintisinə həsr olunmuş forumun iştirakçılarına ünvanladığı təbrik məktubunda deyib. Təbrik məktubunu Baş nazirin birinci müavini Yaqub Eyyubov oxuyub.
"Hörmətli forum iştirakçıları! Sizi ölkəmizdə yeni neft-qaz emalı və neft-kimya kompleksinin inşasına həsr olunmuş forumın öz işinə başlaması münasibəti ilə salamlayır, hər birinizə işlərinizdə uğurlar arzulayıram. 18 il bundan əvvəl xalqımızın ümümilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın yeni neft strategiyasının bünövrəsi qoyulmuş və respublikamızın uzunmüddətli inkişaf perspektivləri müəyyənləşdirilmişdir", - İlham Əliyev təbrik məktubunda qeyd edib.
Prezident vurğulayıb ki, neft sahəsində nüfuzlu şirkətlərlə bağlanan sazişlər, tərəfdaşlıq müqavilələri və neft-qaz lahiyyələrinə yatırılan sərmayələr öz bəhrəsini vermiş, qeyri-neft sektorunun inkişafına əlverişli zəmin hazırlamışdır. Neft-qaz əməliyyatlarından əldə edilən gəlirlərin saxlanması və səmərəli idarə olunması üçün ölkəmizdə Dövlət Neft Fondu yaradılmışdır. Uzun illərdən bəri tam şəffaf şəkildə fəalliyət göstərən bu fondun vəsaitləri xalqımızın rifah halının daha da yüksəldilməsi naminə ən zəruri lahiyələrin gerçəkləşdirilməsinə yönəldilir.
"Neft hasilatı və nəqletmə sahələrində qazanılan nailiyyətlərin məntiqi davamı olaraq, bu gün əsas məqsədlərimizdən biri ölkədə rəqabətə davamlı, müasir standartlara cavab verən və neft və neft-kimya məhsulları istehsal edəcək yeni neft-qaz emalı və neft-kimya kompleksinin inşa edilib istismara verilməsidir. Əminəm ki, forum çərçivəsində aparılan dolğun müzakirələr, geniş təhlillər və təcrübə mübadiləsi iqtisadi inkişaf istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində əhəmiyyətli rol oynayacaq", - dövlət başçısı təbrik məktubunda bildirib.
Prezident İlham Əliyev: Azərbaycan dünyada enerji daşıyıcılarının etibarlı təchizatçısı kimi tanınıb
Ötən dövr ərzində ölkəmiz dünyada enerji daşıyıcılarının etibarlı təchizatçısı kimi tanınıb.
