...

Elmar Məmmədyarov: Azərbaycan dünyada sülhü dəstəkləmək üçün bütün səyləri göstərəcək

Siyasət Materials 9 May 2012 16:25 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, Avropa və Avro-Atlantik strukturlara inteqrasiya Azərbaycanın strateji məqsədlərindən biri olaraq qalır.
Elmar Məmmədyarov: Azərbaycan dünyada sülhü dəstəkləmək üçün bütün səyləri göstərəcək

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir V.Javoronkova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, Avropa və Avro-Atlantik strukturlara inteqrasiya Azərbaycanın strateji məqsədlərindən biri olaraq qalır.

"Azərbaycan 1994-cü il mayın 4-də Sülh Naminə Tərəfdaşlıq adı altında NATO proqramını imzalayan ilk ölkələrdən biri olub", - Trend-in məlumatına görə, nazir "The business year" jurnalına müsahibəsində bildirib.

Nazirin fikrincə, NATO ilə əməkdaşlığın inkişafı və bu əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq üçün Azərbaycan 2004-cü ilin mayında NATO ilə Fərdi Tərəfdaşlıq Planına (IPAP) qoşulub.

"IPAP sübut etdi ki, real siyasi dialoq aparmağa və intensiv praktiki islahatçı səylər göstərməyə imkan verən səmərəli mexanizmdir", - o deyib.

Məmmədyarovun sözlərinə görə, bu tərəfdaşlıq çərçivəsində beynəlxalq əməliyyatlar üçün hərbçilərin hazırlanmasından ətraf mühit və ictimai diplomatiya sahəsində əməkdaşlığa qədər geniş məsələlərdə bir çox müştərək layihələr həyata keçirilib.

O qeyd edib ki, Azərbaycan və NATO bu yaxınlarda siyasi və təhlükəsizlik, müdafiə, hərbi, ictimai informasiya məsələləri, mülki müdafiənin planlaşdırılması, elm, ətraf mühit, inzibati məsələlər, informasiya mənbələrinin təhlükəsizliyi mövzusu və leqal məsələlərin daxil olduğu IPAP-ın üçüncü mərhələsini imzalayıblar.

Məmmədyarovun sözlərinə görə, 1992-ci il martın 2-də BMT-yə üzv olduqdan bəri Azərbaycan BMT Nizamnaməsinin prinsip və məqsədlərinə və beynəlxalq hüquqa sadiqliyini davamlı şəkildə nümayiş etdirir.

"Azərbaycan 115 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilib və inanıram ki, bu, ölkəmizin müstəqilliyinin son 20 ili ərzində nail olduğu müvəffəqiyyətlərin tanınmasını göstərir", - o qeyd edib.

Nazir eyni zamanda qeyd edib ki, Azərbaycana BMT TŞ-də üzvlüyün gətirdiyi böyük məsuliyyət məlumdur və ölkə istənilən sınaqları qəbul etməyə hazırdır.

"Biz dünyada sülh, ədalət, təhlükəsizlik və sabitliyi dəstəkləmək üçün bütün mümkün səyləri göstərəcəyik", - Məmmədyarov vurğulayıb.

O, qərarların qəbul edilməsində şəffaflığın, qəbul edilən qətnamələrin icrasında məsuliyyət və ardıcıllığın vacibliyini bildirib.

"Azərbaycan qeyri-daimi üzv kimi bu gün dünyanın üzləşdiyi təhlükə və sınaqlara daha yaxşı cavab vermək üçün BMT TŞ-ni daha şəffaf və səmərəli etmək məqsədilə vacib rol oynayacaq", - nazir hesab edir.

Məmmədyarovun fikrincə, Azərbaycan SSRİ-nin dağılmasından sonra və müstəqilliyin ilk günlərindən etibarən Xəzər dənizi və Cənubi Qafqaz regionunun potensialını açan ölkə olub, habelə neft-qaz və nəqliyyat sahələrində regionun inkişafına və Azərbaycan və bütün region üçün əlverişli investisiya mühiti yaratmağa dərhal kömək edən xarici investisiyaların cəlb edilməsinə başçılıq edib.

Onun sözlərinə görə, siyasi qeyri-sabitlik və risklər dövründə Azərbaycan Xəzər dənizində neft-qaz kəşfiyyatı və hasilatı üçün kütləvi genişmiqyaslı investisiyalar siyasətinə təşəbbüs göstərib, habelə möhkəm regional nəqliyyat infrastrukturunun təməlini qoyub ki, nəticədə bu, Xəzər, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının Qara dəniz və Aralıq dənizi bölgələri ilə əlaqə qurmasına kömək edib.

"Ölkəmizin malik olduğu rol əslində ümumilikdə regionun ixrac və idxal ehtiyaclarını həll etməyə kömək etdi", - Məmmədyarov deyib.

Nazirin fikrincə, Azərbaycanın avianəqliyyat, neft və qaz sahələrində müxtəlif daxili layihələri texnologiyalar və xüsusi təcrübənin yerdəyişməsini, həmçinin bütün regionun turizm imkanlarının artımını mümkün edərək məşğulluq və gəlir əldə etmək üçün imkanları artırıb.

Onun fikrincə, bütün bunlar TRASEKA, Bakı-Supsa, Bakı-Batumi, Bakı-Tbilisi-Ceyhan kimi bir çox kommersiya xarakterli strateji regional layihələrin reallaşdırılmasına gətirib çıxarıb.

Məmmədyarovun sözlərinə görə, bu gün Azərbaycan Gömrük Əməkdaşlığı Təşəbbüsləri, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü, Ticarətin inkişafı məqsədilə Yardım Təşəbbüsü və "Cənub qaz dəhlizi" kimi layihələr üçün imkanlar yaratmaq və stimullaşdırmaqla özü və ümumilikdə region üçün imkanların genişləndirilməsinə istiqamətlənib.

Nazirin fikrincə, qlobal rəqabət dövründə Azərbaycanın yeni iddialı regional və regionlararası layihələri İKT sektoru və Transmilli Avrasiya Superinformasiya Magistralı (TASİM) layihəsinin reallaşmasına yönəlib.

O qeyd edib ki, Azərbaycan çoxsaylı cəhdlərlə bir çox biznes strukturları və dövlət tərəfdaşlarını danışıqlar masası arxasına oturda bilib.

Məmmədyarovun sözlərinə görə, Azərbaycan bu yolla hərəkət edərək uzunmüddətli perspektivdə regionda sabit siyasi və gəlirli, uğurlu kommersiya tərəfdaşlıqlarının yaradılması üçün regional coğrafiyamızdan istifadə edilməsi ideyasını inkişaf etdirib.

"Əgər Azərbaycan sabit əməkdaşlıq və tərəfdaşlıq layihələri yaratmasaydı, buna nail ola bilməzdi", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti