...

Əli Həsənov: Azərbaycan ictimaiyyətinin Ramil Səfərova yüksək diqqətini şərtləndirən əsas amil öldürülən hərbiçinin minlərlə azərbaycanlını qətlə yetirən Ermənistan ordusunun zabiti olması idi (MÜSAHİBƏ)

Siyasət Materials 7 Sentyabr 2012 17:02 (UTC +04:00)
"Digər amil isə Macarıstan məhkəməsinin ona kəsdiyi qeyri-adekvat cəza oldu"
Əli Həsənov: Azərbaycan ictimaiyyətinin Ramil Səfərova yüksək diqqətini şərtləndirən əsas amil öldürülən hərbiçinin minlərlə azərbaycanlını qətlə yetirən Ermənistan ordusunun zabiti olması idi (MÜSAHİBƏ)

"Digər amil isə Macarıstan məhkəməsinin ona kəsdiyi qeyri-adekvat cəza oldu"

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Trend Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Macarıstanın nüfuzlu "Origo News" portalına müsahibəsini təqdim edir.

- Ramil Səfərovun ekstradisiyası məsələsi hazırda Azərbaycanda nə qədər vacibdir? Bütün KİV və siyasətçilərin diqqətinin bu məsələyə yönəlməsinin səbəbi nədir? Bu məsələni bu qədər vacib edən amil nədir?

- Ramil Səfərova Azərbaycan ictimaiyyətinin bugünkü yüksək diqqətini şərtləndirən amillərdən biri öldürülən hərbiçinin 20 mindən çox azərbaycanlını qətlə yetirən Ermənistan ordusunun zabiti olması idisə, digər amil Macarıstan məhkəməsinin ona kəsdiyi qeyri-adekvat cəza oldu.

Ramil Səfərovun ekstradisiyası məsələsinə ictimai diqqətin bu qədər yüksək olmasının əsas səbəbi ondan ibarətdir ki, onun törətdiyi hadisənin obyekti olan Qurqen Markaryan Ermənistan ordusunun zabiti olub. Bilirsiniz ki, Ermənistan ordusu 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal edib, Azərbaycan ərazisinin 20 faizdən çoxu neçə illərdir ki, bu ordunun işğalına məruz qalıb, 20 mindən artıq azərbaycanlını bu ordu qətlə yetirib. Azərbaycanın on minlərlə kəndini, şəhərini, mədəniyyət abidəsini yerlə yeksan edib, Xocalı şəhərini və onun əhalisini bir gecənin içində məhv edib, soyqırıma məruz qoyub və sair. Ona görə də, Ramil Səfərovun ekstradisiyası məsələsi, sözün həqiqi mənasında, Azərbaycanın milli və ictimai məsələsi idi. Əlbəttə, Ramil Səfərovun törətdiyi hadisəni Azərbaycanın hakimiyyət orqanları heç vaxt təqdir etməyib, bu hadisəyə görə o, Macarıstan məhkəməsi tərəfindən həbs edilib və düşünürük ki, bu, hadisəyə müvafiqdir. Lakin bir məsələ də var və bunu neçə illər idi Azərbaycan ictimaiyyəti müzakirə edirdi ki, Macarıstan məhkəməsi həmin dövrdə ermənilərin ciddi təzyiqi altında, o cümlədən bəzi ermənipərəst diaspor nümayəndələrinin, xarici təşkilatların basqıları altında Ramil Səfərova qarşı həddən artıq sərt davranmış və ona qeyri-adekvat iş kəsmişdi. Ramil Səfərovun törətdiyi cinayət Avropa dövlətlərində, Azərbaycanda, elə Ermənistanın özündə və digər ölkələrdə maksimum 15 il həbs cəzası ilə dəyərləndirilirdi və bu cəzanın da yarısını çəkdikdən sonra məhkum nümunəvi davranışa görə əfv olunaraq azadlığa buraxılırdı. Ona görə də, Macarıstan məhkəməsinin kəsdiyi o cəza qeyri-adekvat qərar kimi Azərbaycan ictimaiyyəti tərəfindən 8 il yarım müddət ərzində mütəmadi müzakirə olunub. Nəticə də budur ki, bu gün Səfərovun 8 il yarımdan sonra azadlığa buraxılmasını Azərbaycan ictimaiyyəti ədalətli bir akt kimi dəyərləndirir. Azərbaycan Prezidenti faktiki olaraq, Azərbaycan ictimaiyyətinin bu müddətdə formalaşmış rəyi, o cümlədən Azərbaycan qanunvericiliyinin ona yaratdığı imkandan istifadə edərək Ramil Səfərovu əfv edib.

- Ramil Səfərovun Azərbaycanda milli qəhrəman hesab olunmasının səbəbini izah edə bilərsinizmi? O, xaricdə qatil kimi təqdim olunur, bəs nə üçün Azərbaycan xalqı onun bu hərəkətlərini təqdir edir?

- Azərbaycan hakimiyyəti, Azərbaycanın ictimai-siyasi dairələri bütövlükdə Ramil Səfərovun Macarıstanda törətdiyi o hadisəni qəhrəmanlıq kimi dəyərləndirmir. Hesab edirik ki, Ramil Səfərov öz əməllərinə görə cavab verməli idi və verdi. Lakin ona qarşı cinayət işinin qeyri-adekvatlığı müəyyən qədər Azərbaycan ictimaiyyətində Ramil Səfərova diqqət yaradıb. Axı bu hadisələrin analoqu olub. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, zamanında Fransada, ABŞ-da, Avropanın digər ölkələrində onlarla adamın ölümünə səbəb olan, onlarla adamı terrora məruz qoyan həmin Ermənistan xalqının nümayəndələri Avropa ölkələrində və Ermənistanda əfv olunublar. Amma Səfərovun Azərbaycanda əfv olunması nədənsə böyük beynəlxalq rezonans yaradır.

Bu səbəblərə görə, Azərbaycan ictimaiyyətinin Ramilə etimadı, rəğbəti artır. İndiyə qədər Azərbaycanın heç bir mətbuat orqanında Ramil Səfərov milli qəhrəman kimi təqdim olunmayıb, heç bir mətbuat orqanında Ramil Səfərovun qətl törətməsi təqdir edilməyib. Lakin eyni zamanda, ermənilərin törətdiyi digər hadisələrlə, Ermənistan ordusunun azərbaycanlılara qarşı törətdiyi cinayətlərlə analogiya aparılaraq Ramil Səfərovun törətdiyi hadisənin daha yüngül olduğu faktı qeyd edilib.

- Ramil Səfərovun Azərbaycana verilməsi və onun burada əfv olunmasını beynəlxalq və milli qanunvericiliklə necə izah etmək olar?

- Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunması tam qanunidir və beynəlxalq öhdəliklərə uyğundur. Bilirsiniz ki, Avropa Şurasının qəbul etdiyi "Məhkumların verilməsi haqqında" Konvensiyada göstərilir ki, bir ölkədə məhkum olunmuş başqa ölkə vətəndaşının maksimum 10 il müddətində başqa ölkəyə cəzasının qalan hissəsini çəkmək üçün verilməsi qanunidir. Bu konvensiyaya müvafiq olaraq, Macarıstanın hakimiyyət orqanları Ramil Səfərovu cəzasının qalan hissəsini çəkməsi üçün Azərbaycana veriblər. Ekstradisiya haqqında sənəddə göstərilir ki, Azərbaycan məhkəmələri 25 ildən tez müddətdə Ramil Səfərovun bu cinayət işinə yenidən baxa bilməz, onun cinayətini yüngülləşdirə bilməz. Bu, məhkəmələrə aid olan bir məsələdir. Amma ekstradisiya haqqında sənəddə də, həmin konvensiyada da ölkələrin digər əfv institutunun amnistiya aktı məsələsinə toxunulmayıb. Bilirsiniz ki, ölkələrdə məhkəmələrin məhkumluqla bağlı çıxardığı qərarlardan əlavə, digər iki hüquqi akt da var - bunlardan biri parlamentin qəbul etdiyi amnistiya aktıdır, digəri isə ölkə başçısının imzaladığı əfv aktıdır. Ölkə başçısı da bu hüququndan istifadə edərək Ramil Səfərovu əfv edib. Bu əfvin əsasında tək milli qanunvericilik və ölkə başçısının bu işi etmək səlahiyyətinin olması durmayıb, eyni zamanda 3 məsələ bunu şərtləndirib: Ramil Səfərova adekvat iş verilməmişdi, onun törətdiyi əməl Azərbaycanın və beynəlxalq qanunvericilikdə maksimum 15 il həbslə cəzalandırılmalı idi. İstənilən ölkənin qanunvericiliyində belə bir hal var ki, cəzalandırılan şəxs həmin cəzanın yarısını çəkdikdən sonra əfv oluna bilər. İkincisi, Ramil Səfərovun əfv edilməsində ictimai rəy öz rolunu oynadı. Azərbaycan ictimaiyyəti hesab edirdi ki, Ramil Səfərov artıq öz cəzasını alıb, 8 il yarım Macarıstanda ciddi rejimli kolonda cəza çəkib. Azərbaycan qanunvericiliyinə müvafiq olaraq, cəzasının yarısını və yaxud üçdə birini çəkmiş şəxsin əfv olunması normal haldır. Digər tərəfdən, əlbəttə, Azərbaycan Prezidenti humanistlik prinsipinə söykənərək, Ramil Səfərovun Azərbaycan və dünya ictimaiyyətinə, digər insanlara təhlükə törətmədiyini, onun etiraflarını, həbsxanada özünü nümunəvi şəkildə aparmasını və digər şərtləri, ictimai rəyi nəzərə alaraq onu əfv edib. Bu nə beynəlxalq konvensiyaya, nə Azərbaycan qanunvericiliyinə ziddir. Üstəgəl, Azərbaycan ictimaiyyətinin rəyi və humanistlik prinsipi də bunun üzərinə gələrək Ramil Səfərovun bu gün azadlığa buraxılmasına səbəb olub.

Azərbaycan Prezidenti və Azərbaycan hakimiyyəti Macarıstanı bu əfv ilə bağlı pis vəziyyətdə qoymayıb. Əksinə, Macarıstan hakimiyyəti bilirdi ki, Azərbaycanda məhkəmələrin bu məsələyə yanaşmasından əlavə, bir amnistiya, əfv aktı da var. Ona görə də, Azərbaycan hakimiyyəti Macarıstan məhkəməsinin kəsdiyi qeyri-adekvat cəzanın yarıdan çoxunun çəkildiyini nəzərə alaraq, Ramil Səfərovu əfv etməli idi və etdi də.

Xəbər lenti

Xəbər lenti