...

Azərbaycan və Kolumbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Siyasət Materials 1 Oktyabr 2012 19:36 (UTC +04:00)
Azərbaycan XİN-də bazar ertəsi Azərbaycan və Kolumbiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan və Kolumbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycan XİN-də bazar ertəsi Azərbaycan və Kolumbiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Kolumbiya nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini xanım Monika Lanzetta Mutis başçılıq ediblər.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir müavini Xələf Xələfov qısa müddət ərzində iki ölkə arasında əməkdaşlığın surətlə inkişaf etməsindən məmnunluq ifadə edib. Əməkdaşlığın ikitərəfli və çoxtərəfli əsaslarda inkişafından bəhs edən Xələfov, iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin aparılmasının vacibliyini qeyd edib, qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Həmçinin, nazir müavini BMT-nin 67-ci sessiyasında iştirakı çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşünü və bu görüşlərin mövcud münasibətlərə töhfə verdiyini qeyd edib.

Azərbaycanın müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar və aparılan çoxşahəli islahatlar barədə kolumbiyalı qonağa ətraflı məlumat verən Xələf Xələfov, ölkəmizin iqtisadiyyatının surətlə inkişaf etdiyini və bunun nəticəsi kimi Azərbaycanın regionun lider ölkəsinə çevrildiyini söyləyib. Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 80%-dən artıq təşkil etdiyini bildirən nazir müavini, regionda sülhün və stabilliyin təmin olunmasına əsas maneə kimi Ermənistan-Azərbaycan münaqişəsinin olduğunu bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında qonağı ətraflı məlumatlandıran Xələfov, Ermənistanın münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqları süni şəkildə əngəlləməyə çalışdığını bildirib. Mövcud status kvonun qəbul olunmaz olduğunu qarşı tərəfin diqqətinə çatdıran nazir müavini qeyd edib ki, regionda davamlı sülh və stabilliyin təmin olunması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması əsas şərtdir.

Xələf Xələfov kolumbiyalı həmkarına ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnaməyə görə təşəkkür edib və Kolumbiya tərəfindən belə bir addımın atılmasını Azərbaycan tərəfindən yüksək qiymətləndirdiyini bildirib.

Nazir müavini iki ölkə parlamentləri arasında əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib və səfərlər mübadiləsinin vacibliyini vurğulayıb. Həmçinin, Azərbaycan və Kolumbiya parlamentlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda əməkdaşlığının davam etdirilməsinin zəruriliyi qeyd edilib.

Kolumbiya xarici işlər nazirinin müavini xanım Monika Lanzetta Mutis öz növbəsində ölkəmizdə olmasından məmnunluq bildirib və aparılan quruculuq işlərini xüsusilə qeyd edib. Kolumbiyanın keçdiyi yol haqqında danışan xanım Mutis, ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Bunun əsas göstəricisi kimi Kolumbiyanın ölkəmizdə səfirlik açmaq niyyətində olduğunu diqqətə çatdırıb. Kolumbiyanın regiondakı rolundan danışan kolumbiyalı rəsmi, Azərbaycanın bir çox sahələrdə təcrübəsindən bəhrələnmək istədiklərini söyləyib.

Görüşdə Azərbaycan və Kolumbiya Diplomatik akademiyaları arasında da əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti