...

Azərbaycan və Özbəkistan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 12 Oktyabr 2012 18:37 (UTC +04:00)
Oktyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan və Özbəkistan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Oktyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov mətbuata bəyanatlarla çıxış ediblər.

Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana səfərinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin dinamik və uğurla inkişaf etdiyini, qarşılıqlı səfərlərin münasibətlərin bütün sahələrdə genişləndirilməsinə güclü təkan verdiyini bildirdi.

Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında beynəlxalq qurumlarda da fəal qarşılıqlı əlaqələri məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Özbəkistanın dəstəyinə görə minnətdarlığını çatdırdı. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də göstərilən dəstəyə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan da beynəlxalq arenada qardaş özbək xalqına dəstək olmuş və bundan sonra da olacaq.

Azərbaycanın reallaşdırdığı kommunikasiya layihələri haqqında danışan dövlətimizin başçısı dedi ki, Azərbaycan və Özbəkistan yeni İpək Yolunu tikir. Bu yol qitələri birləşdirərək, uzun illər böyük nəqliyyat potensialını təmin edəcək və regionda etimadın möhkəmlənməsinə töhfə verəcək.

Prezident İlham Əliyev bu günlərdə keçirilmiş Hökumətlərarası Komissiyanın iclası zamanı da əməkdaşlığın istiqamətlərinin müəyyən edildiyini bildirdi. Dövlətimizin başçısı bu gün ölkələrimiz arasında ticarət dövriyyəsinin lazımi səviyyədə olmadığını da qeyd etdi.

Bu gün humanitar əməkdaşlıq məsələsinin də geniş müzakirə mövzusu olduğunu deyən Azərbaycan Prezidenti vurğuladı ki, hər iki dövlət mədəni, milli irsin möhkəmləndirilməsi məsələsində eyni mövqedən çıxış edir.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Özbəkistan Prezidenti qeyd etdi ki, onlar bu səfəri yüksək səviyyədə keçirilən görüşlərin məntiqi davamı kimi nəzərdən keçirirlər.

Görüş zamanı Azərbaycan ilə Özbəkistan arasında ticari-iqtisadi münasibətlərin müzakirə edildiyini deyən Prezident İslam Kərimov da bildirdi ki, ticarət əlaqələrinin bugünkü səviyyəsi nə Özbəkistan, nə də Azərbaycan tərəfini qane etmir. Bu sahədə mövcud potensialdan tam istifadə edilmir.

Azərbaycanı bu gün yeni kommunikasiya, tranzit xətlərinin inşası üzrə lider adlandıran Özbəkistan Prezidenti vurğuladı ki, ölkəmiz 10-15 il əvvəl reallaşması mümkün sayılmayan layihələrin mühüm təşəbbüskarıdır.

Respublikamızın dinamik inkişaf tempini xüsusi qeyd edən ali qonaq dedi ki, bu amil Azərbaycanın dostlarında böyük sevinc doğurur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Özbəkistan Prezidenti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini vurğuladı. Özbəkistan dövlətinin başçısı qeyd etdi ki, münaqişə şəraitində olan Azərbaycanın böyük uğurlara imza atması Azərbaycan xalqının qəhrəmanlığıdır.

Prezident İslam Kərimov Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin dünya siyasətinin reallaşmasında Azərbaycanın rolunun beynəlxalq arenada etirafı kimi qiymətləndirdi.

Ali qonaq Bakıda müşahidə olunan müsbət dəyişiklikləri, aparılan geniş abadlıq və tikinti-quruculuq işlərini xüsusi qeyd etdi, bunların onu heyrətləndirdiyini vurğuladı.

Prezidenti İslam Kərimov Prezident İlham Əliyevi Özbəkistana rəsmi səfərə dəvət etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti