...

Azərbaycanın müxalif partiyalarından İctimai Palatadakı istefalara fərqli yanaşmalar

Siyasət Materials 18 Oktyabr 2012 11:54 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyaları İctimai Palatada baş verən istefaları müxtəlif cür qiymətləndirirlər.
Azərbaycanın müxalif partiyalarından İctimai Palatadakı istefalara fərqli yanaşmalar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalifət partiyaları İctimai Palatada baş verən istefaları müxtəlif cür qiymətləndirirlər.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu istefa səbəblərini əsasən prezident seçkiləri ilə əlaqələndirib.

"Ümumiyyətlə, prezident seçkiləri yaxınlaşdıqca daha ciddi hadisələr, ayrılmalar, parçalanmalar, daxilolmalar, çıxmalar gözləmək olar. Bu, seçkilərin yavaş-yavaş insanların maraqlarına təsir etməsi ilə bağlıdır. Hərə öz maraqlarını təmin etməyə çalışacaq və kim öz marağını harada təmin edəcəksə, orada da olacaq", - Cəlaloğlu Trend-ə açıqlamasında deyib.

Lakin o, bu istefaların heç bir mənası olmadığını diqqətə çatdırıb.

"İctimai Palata ya dağıldı, ya dağılmadı, heç bir əhəmiyyəti yoxdur. İctimai Palata Azərbaycanın siyasi həyatına təsir etmək imkanına malik deyil, çünki düzgün siyasət aparmır. Bu baxımdan, düşünürəm ki, istər İctimai Palatada bir nəfər qalsın, istər 100 min adam olsun, İP-də heç bir dəyişiklik baş verməyəcək", - Cəlaloğlu deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı isə Trend-ə bildirib ki, bu istefalarda qeyri-adi hal yoxdur.

"İstefa verən şəxslər bununla bağlı açıqlamar veriblər və istefa onların fərdi qərarlarıdır. Ümumiyyətlə, demokratik təşkilatlarda bu cür hallar mümkündür və ona görə də mən burada qeyri-adi səbəb görmürəm", - Qəhrəmanlı qeyd edib.

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə Trend-ə deyib ki, istefalar İctimai Palatada münasibətlərin heç bir prinsipə söykənmədiyini, sağlam əsasda olmadığını, onları yalnız kanyektur maraqların birləşdirdiyini bir daha göstərdi.

"Bildiyiniz kimi, bu qurum ölkədə növbədənkənar parlament seçkiləri keçirmək missiyasını götürdü, sonra İslam inqilabı etmək istədi, yol xəritəsi cızdı və açığı, bunların iddiaları və imkanları çox qeyri-ciddi təsir bağışladı. Və günlərin bir günü o qurumdakılara bəlli oldu ki, İP-ni idarə edənlər əslində məzhəkə yaratmaqla məşğuldular", - Oruc bildirib.

Onun sözlərinə görə, İP ictimai rəyi çaşdırmaq, aldatmaq, ölkədə real alternativ müxalifətin yaranmaması istiqamətində çalışır.

"Belə vəziyyətdə təbii ki, onların hansısa bir mühüm nəticə əldə edə biləcəyi mümkün deyildi. Onlar müxalifətin daha pis gündə olduğu barədə rəy yarada bildilər. Hesab edirəm ki, məsələlərin əsas mahiyyəti budur", - Əhməd Oruc bildirib.

Qeyd edək ki, İctimai Palatanın üzvləri - Müsavat Partiyasından olan Yadigar Sadıqov və politoloq Ərəstun Oruclu İP-dən istefa verdiklərini bəyan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti