...

İran və Azərbaycan Araz çayının suyunun Urmiya gölünə axıdılması məsələsini müzakirə edəcək

Siyasət Materials 19 Noyabr 2012 09:57 (UTC +04:00)
Urmiya gölünə Araz çayının suyunun axıdılması planı üzrə iş gedir. Araz çayının suyunun Urmiya gölünə axıdılması Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə müzakirələr aparılacaq.
İran və Azərbaycan Araz çayının suyunun Urmiya gölünə axıdılması məsələsini müzakirə edəcək

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir T.Cəfərov/

Urmiya gölünə Araz çayının suyunun axıdılması planı üzrə iş gedir. Araz çayının suyunun Urmiya gölünə axıdılması Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə müzakirələr aparılacaq. Bunu İranın Energetika Nazirliyinin Müştərək resurslar və sərhəd çayları üzrə Baş İdarəsinin direktoru Cabbar Vətənfəda deyib. Trend-in məlumatına görə, xəbəri İRNA agentliyi yayıb.

"Ümid edirik ki, Azərbaycan qonşuluq haqqı və ətraf mühitə yardım naminə İranın Araz çayındakı su payının iri həcminin Urmiya gölünə axıdılması məsələsində razılığa gələcək", - Vətənfəda bildirib.

Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

İran Prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım edib.

2011-ci ildə də Urmiya gölünün quruması ilə bağlı Təbriz və Urmiya şəhərlərində etiraz aksiyaları keçirilmişdi. Həmin aksiyalar zamanı onlarla azərbaycanlı fəal həbs olunaraq ağır cəzalandırılmışdı.

Vətənfəda İran və Ermənistan tərəfindən birgə inşa olunacaq Mehri Su Elektrik Stansiyası (SES) ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlara da münasibət bildirib və deyib ki, Mehri SES üçün suyun gücləndirilməsinə və ehtiyat olaraq yığılmasına ehtiyac yoxdur. Bu stansiya su axını ilə işləyəcək.

O əlavə edib ki, Mehri SES İranla Azərbaycan arasında, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda istifadəyə verilmiş stansiyanın analoqudur. Bu kimi stansiyalarda su bir tunelə doğru istiqamətləndirilir və davamlı şəkildə çaya geri göndərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti