...

Eynulla Fətullayev: Almaniyada tədqiqat aparmağımıza qarşı çıxdılar

Siyasət Materials 29 Yanvar 2013 14:16 (UTC +04:00)
Bu gün "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev mətbuat konfransı keçirib.

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bu gün "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, Fətullayev mətbuat konfransında bildirib ki, bütün dünyada bir çox hüquq müdafiəçiləri tədqiqatlar, araşdırmalar aparır və indiyə kimi hər kəs sərbəst şəkildə araşdırma aparıb. Heç kim də buna mane olmayıb.

"Biz də beynəlxalq araşdırmaya başladıq və ilk olaraq Almaniya ilə bağlı monitorinq keçirdik", - Fətullayev deyib.

Niyə məhz Almaniya sualına gəlincə, o bildirib ki, Almaniya Avropanın ən demokratik və inkişaf etmiş ölkəsidir.

"Bunun üçün də monitorinqimizə Almaniyadan başladıq ki, görək hansı nəticələr çıxır. Almaniyada olanda mitinqlərin dağıdılması ilə bağlı səhnələri göstərdilər, dəhşətə gəldim. Almaniyada mitinqçilərə belə zorakı münasibət olması bizi çox təəssüfləndirdi. Lakin "Amensty İnternational" təşkilatı bizim araşdırmamıza qarşı çıxdı. Almaniyadan Bakıya qayıdandan sonra qəribə münasibətlə qarşılaşdım. Demək belə çıxır ki, tərifləyəndə münasibət yaxşı olur, tənqid edəndə pis. Məndən tələb edirdilər ki, layihənin maliyyə mənbəyini açıqlayım. Mən də demişəm ki, bizim layihələri dəstəkləyənlərdən biri də "Black Sea Trast" təşkilatıdır. Almaniyanın xaric işlər nazirliyi həmin təşkilata məktub göndərib ki, bu nə layihədir dəstəkləyirisiniz? Bu nə deməkdir? Demək, siz təşkilatlara təsir edirsiniz. Əgər mən maliyyə mənbələrinin adını düzgün açıqlasaydım, o zaman görün nələr olardı. Demək, Azərbaycanı tənqid eləmək olar, Almaniyanı yox? Mənə fondlar deyir ki, Almaniya Xarici İşlər Nazirliyi bizə sizinlə əməlkdaşlıq etməyi tövsiyə etmir. Brüsseldə bizim hesabatımızın təqdimatına Almaniya bir çox maneələr törətdi, halbuki Aİ və digər beynəlxalq təşkilatlar Azərbaycana gələndə, onlara heç bir maneəçilik törədilmir", - Fətullayev bildirib.

Tədbirdə iştirak edən Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Fredrik Hanke isə deyib ki, Almaniya dövləti Eynulla Fətullayevin layihə keçirməsinə hər hansı problem yaratmayıb.

Hüquq müdafiəçisi isə bildirib ki, o, hər şeyi sübutla danışır. Lakin Hanke düzgün danışmır.

"Düzdür Almaniya inkişaf etmiş ölkədir, lakin Azərbaycan inkişaf etməkdə olan ölkədir. Almaniyanın 200 illik müstəqillik tarixi var. "Black Sea Trast" təşkilatı mənə müraciət edib ki, Almaniya Xarici İşlər Nazirliyi onlara məktub göndərib ki, niyə Eynullaya dəstək veririsiniz. Bu nə deməkdir?", - Fətullayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti