Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir E.Tariverdiyeva/
İran Suriya müxalifəti tərəfində vuruşan xarici muzdlu döyüşçülərin kimyəvi silahdan istifadə etməsini kəskin pisləyib. Trend-in çərşənbə günü "Press TV" yə istinadən verdiyi məlumata görə, kimyəvi silahdan istifadə edilməsi ən azı 25 nəfərin ölümünə səbəb olub.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəstin sözlərinə görə, Tehran Suriya müxalifətinin silahlı qruplarının kimyəvi silah tətbiq etməsi ilə insanlığa yaraşmayan hərəkətini qətiyyətlə pisləyir.
Mehmanpərəst, həmçinin Suriyada müxalifəti dəstəkləyən ölkələri tənqid atəşinə tutub və bəyan edib ki, bu dövlətlər istənilən "belə vəhşiliklər"in təkrarlanmasına görə məsuliyyət daşıyacaqlar.
Mehmanpərəst hücum nəticəsində ölənlərin ailələrinə başsağlığı verib və insan haqları üzrə beynəlxalq təşkilatları bu qorxunc cinayəti qınayaraq öz borclarını yerinə yetirməyə çağırıb.
Qeyd edək ki, silahlıların tərkibində zəhərli qazlar olan raketlərlə Hələb yaxınlığındakı Xan əl-Assal kəndini atəşə tutması nəticəsində 25 nəfər ölmüş, 86 nəfər isə yaralanmışdı. Ölənlər arasında qadınlar və uşaqlar da olub.