...

Dünyanın qadın siyasətçiləri Bakıya toplanıb (FOTO)

Siyasət Materials 5 Aprel 2013 12:05 (UTC +04:00)
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 1-ci iclası Bakıda öz işinə başlayıb.
Dünyanın qadın siyasətçiləri Bakıya toplanıb (FOTO)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 1-ci iclası Bakıda öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclasda məruzə ilə çıxış edən İCAPP yaradıcısı Xose de Venesiya vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində qurumun Qadınlar Qolu yaradılıb və hazırda ilk iclası keçirilir.

Onun sözlərinə görə, Azərbaycanın siyasi liderliyi nəticəsində, həmçinin İCAPP gənclər təşkilatı da yaradılıb. O qeyd edib ki, İCAPP-ın Qadınlar Qolundan böyük gözləntilər var.

"Asiya qadınları yoxsulluğa, terrora, korrupsiyaya qarşı mübarizədə, ekoloji problemlərin həllində liderlik etməlidir", - o bildirib.

Eyni zamanda, Xose de Venesiya bildirib ki, hazırda qurumun məqsədi Türkiyə vasitəsilə İCAPP-ın Avropa qolunu yaratmaqdır.

Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, qadınların siyasi iştirakçılığı sityasətə yeni bir baxış gətirəcək.

"Qadınların siyasətdə iştirakçılığının artması ilə siyasət daha humanist xarakter alar, insansevər olar, siyasət bəşəri dəyərləri əhatə edər. Qadınlar heç zaman kimlərəsə qarşı deyil, daha bəşəri məsələlər ətrafında birləşirlər. Qadınlarln siyasi iştirakçılığı ilə bəşəriyyət bir çox müharibələrdən qurtula bilər", - Əhmədov deyib.

O bildirib ki, İCAPP Qadınlar Qolunun yaranması qurumun fəaliyyətinə yeni rəng qatacaq. Əhmədovun sözlərinə görə, Azərbaycanda qadınlar ictimai-siyasi sahədə xüsusi fəaliyyətə malikdirlər. Əhmədovun sözlərinə görə, İCAPP Qadınlar Qolunun Təşkilat Komitəsi təşkil olunacaq və növbəti iclaslarda strukturlaşmış, təşkiklatlanmış bir qadın birliyi yaradılacaq. Bu birlik Asiya siyasətində qadınların iştirakçılığının artmasına öz töhfəsini verəcək.

Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova iclasda deyib ki, Azərbaycan İCAPP-a üzv olduqdan sonra öz təşəbbüskarlığı ilə seçilir. O qeyd edib ki, qurumun Qadınlar Qolunun Azərbaycanda yaranması da təsadüfi deyil. "Azərbaycan qadını daim milli adət-ənənələri qorumaqla müasirləşməsi, bəşəri dəyərlərə xidmət etməsi ilə seçilib", - o deyib.

Muradova bildirib ki, təşkilatın Qadın Qolunun geniş fəaliyyət çərçivəsi var və ciddi potensialla gələcəyə irəliləyə bilər. "Sülh, əmin-amanlıq uğrunda mübarizə hər bir qadının vəzifəsidir", - Muradova deyib.

Vitse-spiker qeyd edib ki, İCAPP gənclər festivalı da bu ilin yay aylarında Azərbaycanda keçiriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda müxtəlif dövlət orqanlarında, biznes strukturlarında qadınlar xüsusi fəaliyyəti ilə seçilir. O qeyd edib ki, Azərbaycanda bu gün qadınların qərarlar qəbul etməkdə, hakimiyyət strukturlarında iştirakçılığı da artır. Hüseynova hər bir ölkədə qadınların fəallığının onların təhsilinə bağlı olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti