Ukrayna, Odessa, 20 may /Trend, müxbir E.Hüseynli/
Mayın 20-də Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin 3-cü forumu öz işinə başlayıb.
Trend-in məlumatına görə, UAGB-nin sədri Anar Tahirov forumun açılışında çıxışı zamanı bildirib ki, Forumun keçirilməsində əsas məqsəd Azərbaycan, Ukrayna və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən azərbaycanlı tələbə və gənclər təşkilatları arasında səmərəli əməkdaşlığın qurulması və Azərbaycan dövlətçilik ideologiyasının təbliğ olunması istiqamətində birgə fəaliyyət proqramının hazırlanmasını təmin etməkdir.
Tahirov bildirib ki, təşkilat ulu öndər Heydər Əliyev ideyalarını təbliğ edir:
"Biz çox sevinirik ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev xaricdə yaşayan gənclərə diqqət və qayğı göstərir. Forumun keçirilməsi də bu qayğının nəticəsidir".
ASAİF-in təşkilatçılığı ilə keçirilən forumda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bildirib ki, Azərbaycan dövləti gənclərin təşkilatlanmasına çox böyük töhvələrini verir: "Gənclərin xaricdə yüksək təhsil alması və təhsil aldıqları ölkələrin ictimai-siyasi həyatında aktiv olması kimi məsələlər Azərbaycan dövlətinin prioritet mövzusudur".
Səfirin sözlərinə görə, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və layiqli davamçısı Prezident İlham Əliyevin də həyata keçirdiyi xarici siyasətdə Ukrayna önəmli yer tutur:
"Hər iki ölkə arasında strateji və ticari əməkdaşlıq mövcuddur. Dost və etnik qohumluğu olan sıx münasibətlər var".
Səfir qeyd edib ki, UAGB gənclərin savadlı və intellektli olması üçün böyük layihələr həyata keçirir və inanıram ki, bundan sonra da Azərbaycan gəncliyinin inkişafı üçün öz töhvələrini verəcək.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında bildirib ki, UAGB-nin sıraları genişlənir:
"Müxtəlif ölkələrdə Azərbaycan gəncləri mütəşəkkil fəaliyyət göstərir, təşkilatlanırlar. Qərbi və Şərqi Avropada gənclər təşkilatları mövcuddur. Sevindirici haldır ki, Ukraynada aktiv fəaliyyət göstərən gənclər təşkilatları var".
Nazir müavininin sözlərinə görə, gənclərin inkişafı Azərbaycan dövlətinin proiritet fəaliyyətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev növbəti beş ildə də Azərbaycan gəncliyinin inkişafı üçün öz töhvələrini verəcək.
Sonra Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) İdarə Heyətinin üzvü Emin Hacıyev qurumun rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Millət vəkili Qənirə Paşayeva çıxış edərək forumun işinə ugurlar arzulayıb. Xaricdə təhsil alan gənclərin Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərin aktiv təbliğatçıları olduqlarını bildirib. O, gənclərimizin Azərbaycan haqqında həqiqətlərin, Xocalı soyqırımının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dolğun və düzgün məlumatların Ukrayna, eləcə də dünya ictimaiyyətinə çatdırılmasındakı rolunu vurğulayıb.
Millət vəkili Ceyhun Osmanlı UAGB-nin uğurlarından söz açıb. O bu təşkilatın nəinki Ukraynada, eləcə də Ukraynadan kənarda bir brendə çevrildiyini xususi qeyd edib: "Gənclərimiz Ukrayna və Azərbaycan arasındakı dostluq munasibətlərinin inkişafında önəmli rol oynayırlar və bu baxımdan UAGB-nin fəaliyyəti çox təqdirəlayiqdir".
ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov isə çıxışında Azərbaycan gəncliyinin dövlətçiliyin möhkəmlənməsindəki rolundan danışıb. Məmmədov bildirib ki, təmsil etdiyi şirkət Ukraynada gənclərin fəaliyyətini stimullaşdıran layihələrə dəstək verir.
ASAİF-in İdarə heyətinin üzvü İlham Nağıyev ölkə başçısı cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan söhbət açaraq bildirib ki, bu gün Azərbaycan gəncləri dünyanın istənilən yerində uğurla fəaliyyət göstərir və Azərbaycanımızı təmsil edirlər. Bu isə Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin təzahürüdür.
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sektor mudiri Vaqif Seyidbəyli fondun fəaliyyəti haqqında forum iştirakçılarına ətraflı məlumat verib. O deyib ki, Gənclər Fondu nəinki ölkəmizdə, eyni zamanda, ölkəmizdən kənarda fəaliyyət göstərən olan gənclər təşkilatlarına dəstək verməyə hazırdır.
Forumda Odessa merinin birinci müavini, Ukrayna Gənclər və İdman Nazirliyinin müavini, Azərbaycan Parlamentinin deputatları da iştirak edirlər.
Qeyd edək ki, Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) 2010-ci il aprelin 24-də Ukraynanın Dnepropetrovsk şəhərində keçirilən Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin 1-ci forumunda təsis olunub. UAGB ötən dövr ərzində təşkilatlanaraq bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı gəncləri vahid mərkəz ətrafında birləşdirməyə nail olub. Hazırda sözügedən qurumun Ukraynanın 20 vilayətində regional təşkilatı fəaliyyət göstərir. Hazırda Ukraynanın müxtəlif ali təhsil ocaqlarında 6 mindən çox azərbaycanlı gənc təhsil alır.
Xatırladaq ki, Forumda Avropanın 15 ölkəsindən 350-dən çox gənc iştirak edir.
Forum mayın 22-dək davam edəcək.
Forum ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin maliyyə dəstəyi ilə keçirilir.