...

Hakim partiya: Rüstəm İbrahimbəyov ermənilərlə iş birliyini bir daha sübut etdi

Siyasət Materials 30 İyul 2013 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/

Rüstəm İbrahimbəyov Tbilisidə erməni mənşəli bir şəxsin rəhbəri olduğu hoteldə Milli Şuranın növbəti toplantısını keçirməklə ermənilərlə iş birliyini bir daha sübut etdi. Bunu çərşənbə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

YAP rəsmisinin sözlərinə görə, R.İbrahimbəyovdan başqa şey gözləmək lazım deyil: "Rüstəm İbrahimbəyovun ermənilərlə çox yaxşı münasibətləri var. Müsahibələrində ermənilərə çox böyük hörməti və ehtiramı olduğunu açıqlayıb. Hətta müsahibələrinin birində bildirmişdi ki, ermənilər Bakıdan çıxandan sonra paytaxtımızın mədəniyyəti aşağı düşüb. Bu cür düşüncə tərzi olan şəxs necə Azərbaycana rəhbərlik edə bilər?"

S.Novruzov deyib ki, R.İbrahimbəyov erməni dostlarından fərqli olaraq, həmişə Azərbaycanın taleyüklü məsələlərində millətini tərk edərək gedib, xalqın sıralarında olmayıb.

Onun sözlərinə görə, ermənilərlə birgə film çəkən bir insanın erməni mənşəli olan iş adamının hotelində toplantı keçirməsi təəccüblü deyil, əksinə, gözlənilən idi.

Milli Şuranın Tbilisi görüşündən hər hansı nəticənin gözlənilmədiyini deyən S.Novduzov bildirib ki, prezident seçkisi üçün zaman artıq keçib: "Onlar hələ vahid namizəd axtarışındadırlar. Bunların xalqla bağlılığı yoxdur. Ayrı-ayrı zəngin adamlardan asılıdırlar. Milli Şura ən yaxşı halda bələdiyyə seçkilərinə hazırlaşa bilər".

Qeyd edək ki, Milli Şuranın toplantı keçirdiyi "Vera Palace" hoteli erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsusdur və hazırda onun oğlu tərəfindən idarə olunur. A.Nersesyanın hazırda Ermənistan Prezidenti Serj Sarkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti