...

Prezidentliyə namizəd Cəmil Həsənlinin teledebatda söylədiyi fikirlərə hüquqi qiymət verildi (FOTO)

Siyasət Materials 25 Sentyabr 2013 17:17 (UTC +04:00)
"Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin İctimai Televiziyanın efirində gedən teledebatlar zamanı Azərbaycan Prezidenti İlham Əliyev və onun ailə üzvlərinə qarşı səsləndirdiyi ittihamlara hüquqi qiymət verilib.
Prezidentliyə namizəd Cəmil Həsənlinin teledebatda söylədiyi fikirlərə hüquqi qiymət verildi (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir E.Mehdiyev/

"Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin İctimai Televiziyanın efirində gedən teledebatlar zamanı Azərbaycan Prezidenti İlham Əliyev və onun ailə üzvlərinə qarşı səsləndirdiyi ittihamlara hüquqi qiymət verilib.

Trend İnformasiya Agentliyinin konfrans zalında keçirilən brifinqdə hüquq üzrə fəlsəfə doktoru Fuad Məhərrəmov qeyd edib ki, C.Həsənli ikinci teledebat zamanı Azərbaycan xalqına və tamaşaçılarına yaraşmayan bir çox ifadələr işlətdi, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına, onun şərəf və ləyaqətinə toxunan bir çox ifadələrdən açıq-aşkar istifadə etdi:

"Cəmil Həsənli yaddan çıxartdı ki, namizədliyi qeydə alınmış İlham Əliyev hazırda Azərbaycan Respublikasının Prezidentidir və Azərbaycan Konstitusiyasına müvafiq olaraq Azərbaycan Prezidentinin şərəf və ləyaqəti qanunla müdafiə olunur".

F.Məhərrəmov əlavə edib ki, Konstitusiyanın 63-cü maddəsinə əsasən, məhkəmənin hökmü olmadan kimsə cinayətdə təqsirli sayıla bilməz: "Azərbaycan Prezidentinə yönəldilən bu ittihamların hər hansı biri hüquqi qiymət almayıbsa, deyilən ittihamlar sadəcə şərəf və ləyaqətin birbaşa olaraq alçaldılmasına, təhqir və böhtanlara yol açmış olur".

Hüquq üzrə fəlsəfə doktoru daha sonra əlavə edib ki, Azərbaycan Konstitusiyasında şəxsi həyatın toxunulmazlığı deyilən bir norma var. Bu da onu bildirir ki, hər hansı şəxsin icazəsi olmadan onun həyatı haqqında məlumatın toplanması qanunvericilik tərəfindən birbaşa qadağan olunur: "Ancaq Cəmil Həsənli teledebatda əlində olan kağızları bir maddi sübut olaraq göstərir ki, o, uzun müddətdir Prezidentin həyatı haqqında məlumatlar toplayır".

F.Məhərrəmov Azərbaycan Cinayət Məcəlləsinin 147-ci maddəsini (böhtan) xatırladaraq qeyd edib ki, həmin maddədə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı bir şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda yayılmasından bəhs edir: "Teledebatlar ictimai, kütləvi yayım adlana bilər ki, bu da öz növbəsində qanun pozuntusuna yol açır".

O, C.Həsənlinin bütün qeyd olunanlarla bağlı cinayət məsuliyyətinə cəlb olunması məsələsinə münasibət bildirərkən deyib ki, C.Həsənlinin səsləndirdiyi ittihamların sübutu yoxdursa, Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür.

Daha sonra hüquq elmləri doktoru, professor Mayis Əliyev C.Həsənlinin III qrup əlil olmasının onun prezident vəzifəsinə uyğunluğuna hüquqi münasibət bildirib. Professor qeyd edib ki, Əmək Məcəlləsində əlil olan insanlar üçün güzəştli iş şəraiti nəzərdə tutulur: "Yəni əlil insanların iş saatı az olur, gərgin işlərdə çalışmasına icazə verilmir. Lakin III qrup əlilliyi olan bir şəxsin Prezident və Ali Baş Komandan kimi gərgin iş rejimli vəzifədə çalışması qanunauyğun deyil".

M.Əliyev qeyd edib ki, Mərkəzi Seçki Komissiyası Cəmil Həsənlinin III dərəcəli əlilliyi ilə bağlı məsələni araşdırmalı və öz sözünü deməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti