...

MSK: Azərbaycan vətəndaşları prezident seçkilərində qeydiyyatda olmadıqları ərazilərdə də səs verə bilərlər

Siyasət Materials 26 Sentyabr 2013 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İzzət/

Bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri günü, yəni oktyabrın 9-da müxtəlif səbəblərdən qeydiyyatda olduğu ərazidə olmadığı halda seçicinin səsvermə hüququndan başqa yerlərdə istifadə edə bilib-bilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Bununla bağlı Trend-in sorğusunu cavablandıran Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat şöbəsinin müdiri Azər Sarıyev bildirib ki, prezident seçkiləri zamanı səsvermə günü qeydiyyatda olduğu ərazidə olmayan vətəndaşlar faktiki yaşadıqları və ya olduqları ərazilərdə də səs verə bilərlər.

MSK-nın şöbə müdirinin sözlərinə görə, bunun üçün həmin şəxslər səsvermə üçün qeydiyyatdançıxma vəsiqəsi almalıdırlar: "Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 101-ci (Səsvermə üçün qeydiyyatdançıxma vəsiqəsi) maddəsinə əsasən, referendum və prezident seçkiləri zamanı seçicilərə vahid dairə üzrə səsvermə üçün qeydiyyatdançıxma vəsiqəsi (səsvermə vəsiqəsi) verilə bilər. Səsvermə günü seçicilər siyahısına daxil edilmiş, seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasında və ya məntəqə seçki komissiyasında səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilərlər. Həmin vəsiqələr dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalmış, məntəqə seçki komissiyaları tərəfindən isə səsvermə gününə 24-30 gün qalmış verilir".

A.Sarıyev həmçinin vurğulayıb ki, bu qayda digər seçkilərdən fərqli olaraq prezident seçkiləri və referendum zamanı respublikanın bütün ərazisində tətbiq edilir: "Səsvermə vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir. Ərizədə seçicinin səsvermə vəsiqəsi almasının səbəbləri göstərilməlidir. Ərizə verildiyi gündən başlayaraq iki gün müddətində məntəqə seçki komissiyası dairə seçki komissiyasına müraciət edərək, seçicinin əvvəl səsvermə vəsiqəsini alıb-almaması faktını araşdırmalıdır. Çünki bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin verilməsi qadağandır".

O, qeyd edib ki, Azərbaycan vətəndaşları həmin sənədlə Azərbaycanın hüdudlarından kənarda, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və konsulluqlarında təşkil ediləcək seçki məntəqələrində də səs verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti