...

Azərbaycanın hakim partiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ikinci aralıq hesabatını qərəzli sayır

Siyasət Materials 3 Oktyabr 2013 16:21 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərinə dair ikinci aralıq hesabatını qərəzli hesab edir.
Azərbaycanın hakim partiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ikinci aralıq hesabatını qərəzli sayır

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərinə dair ikinci aralıq hesabatını qərəzli hesab edir.

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov cümə axşamı Trend-ə bildirib ki, ATƏT-in verdiyi bu hesabat qərəzlidir:

"Bu hesabatın birinci növbədə qərəzliliyi ondan ibarətdir ki, burada demək olar ki, heç bir obyektiv məlumat dərc olunmayıb. Yeni Azərbaycan Partiyasının keçirdiyi görüşlər haqqında verilən məlumat yanlışdır. YAP bu günə qədər Azərbaycanın bütün şəhər və rayonlarında 1800-dən çox görüş keçirib, o cümlədən 39 böyük tədbir keçirib, 5 tədbir isə bu gün keçirilir - yəni 44 tədbir - və burada da insanlar aktiv şəkildə iştirak edir. Lakin təşviqat müddətinin azlığından şikayət edən Milli Şura bu günə qədər cəmi 8 görüş keçirib. Onun 3-ü Bakı şəhərində, qalanları isə regionlarda keçirilib və təşviqat kampaniyasının bitməsinə də cəmi 4 gün qalıb".

S.Novruzovun sözlərinə görə ki, bu baxımdan ATƏT Yeni Azərbaycan Partiyasının namizədinə qarşı qərəzli, Milli Şuranın namizədinin isə hüquq müdafiəçisi kimi çıxış edir: "İkinci bir tərəfdən, debatlarda ən çox təhqirə yol verən Milli Şuranın namizədidir və bu məsələ ilə bağlı bir dəfə də olsun Cəmil Həsənlinin adı çəkilmir".

Hesabatda AXCP sədri Əli Kərimlinin oğlunun tutulması barədə məsələnin yer almasına münasibət bildirən millət vəkili bildirib ki, kimsə bu və ya digər şəkildə cinayət törədibsə, hansısa dələduzluq edibsə, təbii ki, bunu hüquq mühafizə orqanları araşdırır və bunun seçkiyə heç bir aidiyyəti yoxdur: "Bu, kiminsə oğlu ola bilər, kiminsə nəvəsi ola bilər. Bunun qanunun qarşısında heç bir güzəşti ola bilməz. Hər bir şəxs törətdiyi əmələ görə məsuliyyət daşıyır".

Onun sözlərinə görə, hesabatda bütün namizədlərlə bağlı çox az fikir səslənib, əsas istiqamət, hədəf Yeni Azərbaycan Partiyasına yönəlib ki, bu da tam şəkildə qərəzlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti