...

Mübariz Əhmədoğlu: ABŞ-ın emosiyaya söykənmiş səhv siyasəti Ermənistandakı səfirliyinin binasının bağlanmasına səbəb ola bilər

Siyasət Materials 18 Dekabr 2013 13:07 (UTC +04:00)
ABŞ və Qərbin Ermənistanla əlaqəli siyasətləri indi Ermənistandan idarə olunur. Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: ABŞ-ın emosiyaya söykənmiş səhv siyasəti Ermənistandakı səfirliyinin binasının bağlanmasına səbəb ola bilər

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.Mehdiyev/

ABŞ və Qərbin Ermənistanla əlaqəli siyasətləri indi Ermənistandan idarə olunur. Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlunun fikrincə, Ermənistan Qərbi inandıra bilib ki, Rusiyanı Ermənistandan qovub çıxaracaq: "Ermənistanın antirusiya fəaliyyəti dayanmayıb. Əvvəla, rəsmi Yerevanın apardığı siyasət, ikincisi, Putinin Yerevana səfərinə əhalinin etiraz etməsi, üçüncüsü, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi C.Appaturayın Gürcüstan nümayəndə heyəti ilə görüşdə Ermənistanın Rusiya ilə əlaqələrinin uzunmüddətli olmaması ilə bağlı, dördüncüsü, məşhur Britaniya eksperti T.de Vallın "Ermənistanda hamının Gömrük İttifaqına üzvlüyünün müvəqqəti olması barədə" fikirləri bunu deyir. Bu istiqamətdəki son addım Gömrük İttifaqına Ermənistanın üzvlüyü ilə bağlı "yol xəritəsi"nin tələsik hazırlanıb Moskvaya təqdim edilməsidir".

Politoloqun fikrincə, Moskvaya təqdim olunan "yol xəritəsi"nin erməni variantında erməni hiyləsi tam gücüylə tətbiq olunub: "Prezident S.Sarkisyan və Baş nazir T.Sarkisyan neçənci dəfə Moskvanı aldada biləcəklərinə ümid edirlər. "Yol xəritəsi"ni vaxtından əvvəl Moskvaya təqdim etmələrinin digər səbəbi Aİ-nin Ermənistandan cavab gözləməsidir. Aİ və ABŞ ümid edirlər ki, Ermənistan Rusiyanı öz iqtisadiyyatının ən azı təxminən 10 sahəsindən uzaqda saxlayacaq və bu sahələrdə ABŞ və Avropanın aparıcı dövlətləri paralel iqtisadiyyat yarada biləcəklər".

Politoloq bildirib ki, Putin vəzifədən getdikdən sonra Qərb səfirlərinin Ermənistanda qurduğu paralel iqtisadiyyat aparıcı iqtisadiyyata çevriləcək: "ABŞ və Qərb soyuq başla düşünsəydilər, Ermənistanın Rusiyanın təsirindən çıxmasının mümkün olmadığını başa düşərdilər. İki əsas səbəbi var: Birincisi, Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur və bu hərbi bazanın əsas təyinatı Ermənistanın özünü nəzarətdə saxlamaqdır. İkincisi, Ermənistanda əhalinin sabit dövlətçilik şüuruna malik olmamasıdır. Rusiya niyyətini ortalığa qoyan kimi erməni xalqı onun dediyi istiqamətdə hərəkət edəcək. Ermənistan əhalisindən iki dəfə çox erməni Rusiya ərazisində yaşayır. Bu hədsiz mühüm faktordur. Son prezident seçkilərində etiraz mitinqləri başlayan kimi rəsmi Moskva Rusiyadakı erməniləri Ermənistana səfərbər etdi. Mitinq dalğası güclənsəydi, mitinqləri özünü qalib hesab edən eks-prezidentliyə namizəd R.Ovanisyan deyil, Moskvadan göndərilən erməni emissarları idarə edəcəkdilər. Rusiya Ermənistan əhalisini Türkiyə xofu ilə də asanlıqla idarə edə bilər".

M.Əhmədoğlunun sözlərinə görə, ABŞ və Qərb ölkələrinin Ermənistandakı səfirlərinin ölkələrinə göndərdiyi məlumatlar ehtimal ki, səhih deyil və yalnız erməniləri təbliğ etməyə yönəlib: "Öz ölkələrindən Ermənistana pul gətirən səfirlər nədənsə Azərbaycanın Ermənistana ucuz qaz vermək, regional iqtisadi layihələrə qoşmaq təklifini inkar edirlər. C.Heffern də daxil olmaqla, heç bir Qərb səfiri bu vaxtadək Azərbaycandan gələn bu təkliflərə münasibət bildirməyib. Prezident və Baş nazir Sarkisyanların yalanına uyub öz işlərini qururlar. ABŞ-la Rusiya arasında geosiyasi mübarizə çox sərtləşib və hətta Arktikaya gedib çatıb. Gözlənilməz addımlar atılır. RF-nin Hollandiyadakı və ABŞ-dakı diplomatik korpusunun başına gələnlər, Dəməşqdə Rusiya səfirliyinin binasına terror hücumu və bu hücuma Vaşinqtonun münasibət bildirməməsi son 10 illərdə unudulmuş metodların yenidən gündəliyə gətirilməsidir. Rusiya bütün bu addımların hamısına Ermənistan ərazisində cavab verə bilər. ABŞ-ın Ermənistandakı səfirliyinin binası Misirdən sonra ABŞ-ın dünyada ikinci ən böyük səfirlik binasıdır. Hərbi qaladır. Rusiya erməni əhalisini ayağa qaldırmaqla istənilən anda ABŞ-ın Ermənistandakı səfirliyinin binasını qapada bilər. Bununla da Putindən sonrakı dövrdə Ermənistanın Qərbə keçəcəyi ilə bağlı ümidləri heçə endirə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti