Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir T.Cəfərov/
Xəzərin hüquqi statusu ilə bağlı razılaşdırılmamış çox şeylər qalır və daha çox müzakirələrə ehtiyac var. Bunu İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur deyib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi saytı iribnews xəbər verir.
Xəzəryanı ölkələrin işçi qrupunun 37-ci iclasında iştirak etmək üçün Moskvada səfərdə olan İ.Rəhimpur bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçiriləcək sammitindən öncə Xəzərin hüquqi statusu ilə bağlı memorandum layihəsi hazırlanmalıdır.
O əlavə edib ki, dövlət başçılarının sammitində imzalanması üçün bundan başqa Xəzəryanı ölkələrin bəyannamə layihəsi də hazırlanmalıdır.
İ.Rəhimpurun sözlərinə görə, Xəzəryanı ölkələrin işçi qrupunun Moskvada keçirilən iclasında çox məsələlər haqqında razılıq əldə olunub və bəzi məsələlər haqqında xarici işlər nazirlərinin sabahkı iclasında qərar qəbul olunacaq, lakin Xəzərin hüquqi statusu ilə bağlı daha çox müzakirələrə ehtiyac var.
İ.Rəhimpur deyib ki, Həştərxanda keçiriləcək dövlət başçılarının sammitindən öncə işçi qrupun Tehranda daha bir görüş keçirəcəyi ehtimal olunur.