Azərbaycan, Bakı, 11 may /Trend, müxbir S.Əliyev/
"Cənab Prezident, mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Bu Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, Sizin rəsmi səfəriniz Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında mühüm addım olacaqdır, bizim əlaqələrimizə yeni təkan verəcəkdir". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandla birgə Bakı Fransız Liseyinin tikintisi ilə tanış olduqdan sonra çıxışında deyib.
İlham Əliyevin sözlərinə görə, 20 ildən artıqdır ki, bizim ölkələrimiz bir-biri ilə sıx əməkdaşlıq edir, əməkdaşlıq müxtəlif sahələri əhatə edir və gündən-günə möhkəmlənir: "Bizim çox sıx siyasi əlaqələrimiz var və Sizin rəsmi səfəriniz bunu təsdiqləyir. Daim siyasi dialoq aparılır, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılır, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik. Bir sözlə, bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir edir".
Dövlət başçısı bildirib ki, sabah iqtisadi sahədə görüləcək işlərə yeni təkan vermək üçün biznes forum keçiriləcək: "Mən çox şadam ki, sizinlə bərabər Azərbaycana Fransadan çoxsaylı iş adamları gəlmişlər. Əminəm ki, biznes forumun nəticələri də çox yaxşı olacaq. Çünki bizim aramızda olan ticarət əlaqələri də güclənir, möhkəmlənir və bildiyiniz kimi, Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Eyni zamanda, humanitar sahədə əməkdaşlıq inkişafdadır, o cümlədən təhsil sahəsində yüzlərlə Azərbaycan gənci hazırda Fransanın ali məktəblərində təhsil alır və bu proses davam edir".
İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan təhsilin inkişafına çox böyük əhəmiyyət verir: "Dövlət xətti ilə minlərlə Azərbaycan gənci dünyanın aparıcı ali məktəblərində dövlət hesabına təhsil alır. Sizin səfərinizin bu məktəbdən başlaması Sizin də bu sahəyə böyük diqqət verməyinizi əyani şəkildə sübut edir. Yəni burada bizim məqsədlərimiz üst-üstə düşür və əminəm ki, bu liseydə təhsil alacaq uşaqlar gələcəkdə Fransa-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcəklər. Burada fransalı uşaqlar öz ana dilində təhsil alacaqlar, öz vətəninə bağlı olacaqlar. Azərbaycanlı uşaqlar isə fransız dilini mükəmməl biləcək, eyni zamanda, bu liseydə Fransanın qədim tarixi, zəngin mədəniyyəti ilə tanış olacaqlar".
Prezident bildirib ki, Fransa dünya mədəniyyətinə, elminə, incəsənətinə, memarlıq sənətinə əvəzolunmaz töhfələr verib: "Dünya mədəniyyətini Fransasız təsəvvür etmək mümkün deyil. Burada təhsil alacaq bizim uşaqlarımız bir-biri ilə sıx bağlı olacaqlar, dost olacaqlar, əminəm ki, gələcəkdə onlar böyüyəndə bu əlaqələrini saxlayacaqlar. Beləliklə, bir-birinə hörmətlə, məhəbbətlə yanaşan gənc nəsil yetişəcək və bu da bizim dostluğumuzu daha da möhkəmləndirəcəkdir. Bir sözlə, bu lisey sadəcə yeni bir təhsil ocağı deyil, Fransa-Azərbaycan dostluğunun mərkəzi olacaqdır və əminəm ki, burada uşaqlara ən yüksək səviyyədə təhsil veriləcəkdir".
İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Fransa humanitar sahədə müxtəlif layihələr üzrə işləyir: "Biz çox şadıq ki, Parisdə, Versalda, Strasburqda icra edilən layihələrdə Azərbaycan tərəfi də iştirak edir, o cümlədən Luvrda aparılan işlərdə Azərbaycan tərəfi iştirak etmişdir. Bu bizim əlaqələrimizi daha sıx birləşdirir, eyni zamanda, Fransanın müxtəlif şəhərlərində son illərdə çoxsaylı Azərbaycan tədbirləri, mədəniyyət günləri, sərgilər, konsertlər keçirilmişdir və şəhərlərarası əlaqələr də çox zəngindir və çox səmərəlidir. Deyə bilərəm ki, Parisin mərkəzində, Eyfel qülləsinin lap yaxınlığında iki il bundan əvvəl Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır. Bu da Azərbaycanın Fransadakı kiçik bir parçasıdır. Necə ki, bu məktəb səfirlikdən sonra Fransanın ikinci məkanıdır, ikinci ərazisidir. Bu məktəbin yaradılması bizim dostluğumuzu da ifadə edir. Çünki bu, birgə səylər nəticəsində hər iki tərəfdən gələn səmimi təşəbbüs nəticəsində mümkün olmuşdur. Bu yerin seçilməsi də çox böyük məna daşıyır, çünki bu ərazidə vaxtilə sovet dövründə sənaye zonası yerləşirdi və Bakının son illərdə abadlaşması və sənaye zonalarının şəhərin kənarına çıxarılması layihələri də məhz bu zonada icra edilir".
Dövlət başçısı bildirib ki, burada yeni məktəbin, Fransız Liseyinin yaradılması da rəmzi məna daşıyır, çünki arxa tərəfdə Ağ şəhər layihəsi çərçivəsində Paris kvartalı yaradılır: "Ağ şəhər əslində şəhər içində bir şəhərdir, müasir şəhərsalma metodları ilə yaradılır və Paris evləri, Paris kvartalı, Fransız Liseyi, Xəzər dənizi, Bakı Bulvarı, bax bu zona şəhərin gözəl mərkəzinə çevrilir. Əminəm ki, burada mövcud olan gözəl ab-hava, dostluq, mehribanlıq ab-havası bizim xalqlarımızı daha da sıx birləşdirəcəkdir. Bir daha, hörmətli cənab Prezident, hörmətli qonaqlar, sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, bizim dəvətimizi qəbul edib Azərbaycana səfər etdiyiniz üçün sizə minnətdaram. Əminəm ki, səfər çox uğurlu olacaqdır və səfərin çox gözəl nəticələri olacaqdır".