...

Aleksandr Lukaşenko: MDB hazırda çətin dövrünü yaşayır

Siyasət Materials 30 May 2014 15:55 (UTC +04:00)
Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələri arasında münasibətlərdə təşkilatın roluna yenidən baxmağı təklif edir.
Aleksandr Lukaşenko: MDB hazırda çətin dövrünü yaşayır

Azərbaycan, Bakı, 30 may /Trend/

Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələri arasında münasibətlərdə təşkilatın roluna yenidən baxmağı təklif edir. Trend-in BELTA-ya istinadən verdiyi məlumatına görə, bu barədə A.Lukaşenko cümə günü Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmiş nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə deyib.

Qlobal dəyişikliklərin baş verdiyini deyən Prezident bunun beynəlxalq münasibətlərdə və keçmiş sovet məkanında qeyri-sabitliyin artması ilə müşahidə olunduğunu qeyd edib: "Əminəm ki, biz Avrasiya regionunu sabit və çiçəklənən görmək istəyirik".

A.Lukaşenko bildirib ki, bu zaman məntiqi sual yaranır: "Bəlkə biz həqiqətən də MDB ölkələri arasında münasibətlərdə təşkilatın roluna yenidən baxmalıyıq?".

Belarus lideri hökumət başçılarına Birliyin bu və ya digər inkişaf məsələləri ilə bağlı öz fikirlərini bildirməyi təklif edib.

Prezident etiraf edib ki, MDB hazırda çətin dövrünü yaşayır: "Keçmiş sovet məkanında yeni gərginlik mənbələri və zorakılığın artması ilə bağlı tez-tez xəbərlər eşidirik. Yəqin biz vacib qərarların qəbul edilməsində operativlik göstərmirik və fəaliyyətimizi koordinasiya etmirik. Əgər belədirsə, bu istiqamətdə də işləmək lazmdır".

Onun sözlərinə görə, MDB-nin faydalı olması açıq-aşkardır: "Məhz MDB Birlik ölkələri vətəndaşlarına sərbəst yerdəyişmə imkanı verdi. Təşkilatın sayəsində Birlik ölkələrinin sərhəd, gömrük, xilasedici və digər orqanları sistemli fəaliyyət göstərməyə başladılar. Biz iqtisadi fəaliyyətin genişlənməsi üçün xeyli səy göstərdik. İş adamları MDB çərçivəsində azad ticarət zonası haqqında müqavilənin üstünlüyünü layiqincə qiymətləndirdilər".

A.Lukaşenko qeyd edib ki, MDB əməkdaşlıq üçün əsas siyasi və iqtisadi səviyyəni təmin edir və hər bir iştirakçı ölkənin marağında olduğu istiqaməti inkişaf etdirməyə haqqı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti