...

"İraq və Şam İslam Dövləti" terror təşkilatının hədəfi İrandır

Siyasət Materials 11 İyun 2014 15:35 (UTC +04:00)
Suriyada silahlı müxalifətlə ölkə Prezidenti Bəşşar Əsədə sadiq qüvvələrin mübarizəsi fonunda yaranan və "əl-Qaidə" terror təşkilatı ilə əlaqədə olan radikal islamçı qrupların bütün region üçün təhlükə yaradacağı heç kimdə şübhə doğurmurdu.
"İraq və Şam İslam Dövləti" terror təşkilatının hədəfi İrandır

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Suriyada silahlı müxalifətlə ölkə Prezidenti Bəşşar Əsədə sadiq qüvvələrin mübarizəsi fonunda yaranan və "əl-Qaidə" terror təşkilatı ilə əlaqədə olan radikal islamçı qrupların bütün region üçün təhlükə yaradacağı heç kimdə şübhə doğurmurdu.

Əslində Yaxın Şərqdə radikallığın yaranmasının müxtəlif səbəbləri mövcuddur. Bir çox ekspertlər radikal islamçıların iqtisadi problemlərin fonunda yayıldığını iddia edirlər.

Aparılan araşdırmalar nəticəsində radikal islamçı qrupların bir çox hallarda hərbi münaqişələrin tüğyan etdiyi bölgələrdə daha aktiv olduğunu və heç şübhəsiz ki, müxtəlif vasitələr üçün istifadə edildiyini görmək olar. Bu baxımdan Suriyada baş verən qanlı toqquşmaları əslində regionda hər zaman olan, sadəcə fürsət gözləyən radikal islamçı qrupların yenidən gündəmə gəlməsi üçün fürsət hesab etmək olardı. Lakin İraqın şimalında əhalinin sayına görə ikinci şəhər hesab edilən Mosulun "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının nəzarətinə keçməsi regionda təhlükəsiz və demokratik İraqın olduğunu iddia edən Nuri əl-Maliki hökuməti üçün sözün əsl mənasında gözlənilməz oldu.

"Əl-Ərəbiyyə" telekanalının verdiyi son məlumata görə, İŞİD terrorçuları Mosulu ələ keçirdikdən sonra ölkənin iqtisadi mərkəzlərindən biri hesab edilən Kərkükün Zab və Abasi yaşayış məntəqələrini də zəbt ediblər. Terrorçuların Kərkükə yönəlməsi isə münaqişənin daha ciddi miqyas alacağından xəbər verir. Ən azından ona görə ki, İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan "Peşmərqə" (xüsusi təyinatlı ordu hissələri) terrorçuların Kərkükü ələ keçirməsinə imkan verməyəcəyini bəyan etdi.

Bütün bunlarla yanaşı, kürd administrasiyasının baş naziri Neçirvan Barzanı terrorçu qrupların Mosula hücum edəcəkləri barədə əvvəlcədən məlumatlı olduqlarını və Maliki hökumətinə bununla bağlı məlumat verdiklərini, lakin İraq hökumətinin buna məhəl qoymadığını bildirdi. N.Barzani onu da qeyd etdi ki, İraq ordusu terrorçu qruplar qarşısında acizdir.

Hazırda Suriyada mərkəzləşən İŞİD Suriyadan "vətənə" - İraqa [İŞİD 2003-cü ildə İraqda təsis edilib. 2004-2006-cı illərdə terror təşkilatına Əbu Musab əl-Zərqavi rəhbərlik edib] qayıtması əslində diqqətdən qaçan məqamlardan biridir.

Maraqlıdır, görəsən, nə üçün Suriyada "fəaliyyət" üçün münbit şərait olduğu halda İŞİD yenidən İraqa qayıtdı?

Maliki hökumətinin uğursuz daxili siyasət aparmasının İŞİD-in İraqa qayıtmasının ən başlıca səbəblərindən biri olduğunu söyləmək olar. Ən azından ona görə ki, İraqdakı müxtəlif siyasi bloklarla yanaşı, sünni bloklar və sünni əhali Baş nazirin iranpərəst siyasətindən və üçüncü müddətə Baş nazir seçilməsindən narazıdırlar. Bu isə heç şübhəsiz ki, İŞİD-in diqqətindən yayına bilməzdi.

Digər önəmli məqamlardan biri də Suriya, İraq və İran hökumətlərinin simasında İŞİD üçün "ortaq düşmən" düşüncəsinin olmasıdır. Dolayısı ilə İŞİD üçün hazırda ən önəmli məsələlərdən biri də Suriyada "uğurlu fəaliyyət"dən sonra İraq daxil olmaqla cəbhəni İran sərhədinə yönəltməkdir. İraq ordusunun terrorçu qruplarla mübarizədə aciz olması İŞİD-in asanlıqla İran sərhədinə yaxınlaşmasına şərait yarada bilər.

Yaxın Şərqdə fərqli ideologiyalara məxsus terrorçu qrupların ortaq hədəflər üçün dəfələrlə birgə fəaliyyət göstərdiyini nəzərə alsaq, İŞİD-in İran sərhədinə yönələcəyi təqdirdə PKK terror təşkilatının İran qolu hesab edilən "Pejak"ın aktivləşəcəyi də istisna edilmir.

Dolayısı ilə bu gün İŞİD terror təşkilatının qarşısı alınmasa, regionda daha ciddi və daha genişmiqyaslı hərbi əməliyyatlara təkan verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti