...

Türkiyədəki korrupsiyanın formaları açıqlandı

Siyasət Materials 1 İyul 2014 11:24 (UTC +04:00)
Türkiyədə əsasən iki cür korrupsiya müşahidə edilir.
Türkiyədəki korrupsiyanın formaları açıqlandı

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlkin İzzət/

Türkiyədə əsasən iki cür korrupsiya müşahidə edilir. Trend xəbər verir ki, bunu Türkiyə Respublikasının Baş prokuroru Həsən Erbil Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfransın 2-ci günündə çıxışı zamanı deyib.

Konfransda "Korrupsiya cinayətlərinin səmərəli araşdırılması" mövzusunda çıxış edən H.Erbil bildirib ki, Türkiyədə müşahidə edilən korrupsiyanı iki yerə ayırmaq olar: "Bunlardan birincisi, adi işçilər arasında yayılmış kiçikmiqyaslı korrupsiyadır. Məsələn, gömrükdə, polisdə, vergi dairələrində və s. ictimai xarakterli yerlərdə vətəndaşın işini tez və daha asan həll etmək və ya bir sıra cəzalardan yaxasını qurtara bilmək üçün verdiyi rüşvətdir. İkincisi isə sistemli, təşkilatlanmış irimiqyaslı korrupsiyadır. Buna misal olaraq, dövlət idarələrində, bank kreditlərinin istifadə edilməsində, idxal-ixrac əməliyyatlarında baş verən korrupsiyanı göstərmək olar".

Türkiyənin Baş prokuroru, həmçinin ölkəsində korrupsiyaya qarşı görülən mübarizə tədbirləri barədə də geniş məlumat verib və qeyd edib ki, korrupsiya ilə mübarizədə ictimaiyyətin bu işə qatılması təmin edilməli, bunun üçün geniş məlumatlandırma işləri aparılmalıdır.

Korrupsiyanı cəmiyyətlər üçün ictimai xəstəlik adlandıran H.Erbil hesab edir ki, hər cür siyasi, dini, sosial və s. maraqların həyata keçirilməsi məqsədilə verilən hədiyyə və bəxşişlər korrupsiya kimi dəyərləndirilməlidir.

Onun fikrincə, ilk növbədə demokratiyaya zərbə olan korrupsiya zaman keçdikcə demokratik dövlətin təməllərini sarsıdacaq, maraq və təzyiq qruplarının "demokratiyası" anlamına gələn plutokratiyaya yol açacaq. Demokratiya və idarəetmə korrupsiyaya bulaşıbsa, yoxsulluqla mübarizə qabiliyyətini itirəcək.

H.Erbil qeyd edib ki, korrupsiyanın olduğu yerdə sağlam rəqabət də olmur. Belə olduğu təqdirdə, xarici sərmayədarların inamsızlığı artır: "Korrupsiya ilə mübarizə üçün kəşf edilmiş nə "sehrli dəyənək", nə də problemi həll edəcək hazır bir resept var. O zaman sual doğur ki, mübarizə necə olmalıdır? Korrupsiya ilə mübarizədə sistem və insan rerursları bir-birindən ayrıla bilməz. Bu sistemi işlək hala gətirən də, onu sıradan çıxaran da insandır. Digər tərəfdən, yaxşı sistem yoxdursa, işçilərin yaxşılığı, dürüstlüyü yalnız bir nöqtəyə qədər olacaq. Bu səbəbdən mübarizə həm insan, həm də sistemdən asılıdır".

Onun sözlərinə görə, korrupsiya ilə mübarizədə yalnız cəza tədbirləri ilə uğur qazanmaq mümkün deyil: "Bunun üçün işsizlik, savadsızlıq kimi iqtisadi və sosial problemlər həll edilməlidir. Problemin həllinə yönəlmiş sistemlər inkişaf etmədikcə, əxlaqi dəyərlərə önəm verilmədikcə, qurumlar arasında əlaqə yaradılmayınca korrupsiyanın qarşısının alınması da mümkün deyil. Ona görə də korrupsiya nə qədər ölkələr üçün təhlükəli, önəmli, qeyri-əxlaqi olursa olsun, bütün çətinliklərə baxmayaraq, mübarizə qanunlar çərçivəsində, hüquq daxilində aparılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti