...

"Düşüncə" İctimai Birliyi beynəlxalq təşkilatları Ermənistana sanksiyalar tətbiq etməyə çağırıb

Siyasət Materials 4 Avqust 2014 14:58 (UTC +04:00)
"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi son günlər cəbhə xəttində ermənilərin törətdiyi təxribatlarla bağlı nüfuzlu beynəlxalq təşkilatlara müraciət edib.
"Düşüncə" İctimai Birliyi beynəlxalq təşkilatları Ermənistana sanksiyalar tətbiq etməyə çağırıb

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Elçin Mehdiyev/

"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi son günlər cəbhə xəttində ermənilərin törətdiyi təxribatlarla bağlı nüfuzlu beynəlxalq təşkilatlara müraciət edib.

Birlikdən Trend-ə verilən məlumata görə, müraciətdə Azərbaycan torpaqlarını 20 ildən artıq müddət ərzində qanunsuz olaraq işğal altında saxlayan Ermənistan silahlı qüvələrinin atəşkəs rejimini intensiv pozması, xüsusən də son günlərdə kəşviyyat-təxribat qruplarının qoşunların təmas xəttini keçmək cəhdi beynəlxalq təşkilatların diqqətinə çatdırılır.

Müraciətdə bildirilir ki, Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə bölgəsində gərginliyin artmasına və insan itkisinə səbəb olub. Yaranmış təhlükəli vəziyyətə görə bu təxribatçı addımların təşəbbüskarı olan Ermənistan tərəfi məsuliyyət daşıyır.

Müraciətdə həmçinin qeyd olunur ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır və danışıqları pozur.

Müraciətdə bildirilir ki, Ermənistanın Madrid prinsiplərinə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə, xüsusən də BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə dörd qətnaməsinə əməl etməməsi regionda sülh və sabitliyi təhlükə altında qoyur.

Sonda müraciətdə qeyd olunur ki, "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi bir vətəndaş cəmiyyəti təşkilatı olaraq yaranmış vəziyyətdən narahatlığını ifadə edir və beynəlxalq təşkilatları Ermənistanın bu vandal əməllərinə dərhal reaksiya verməyə və Ermənistanı bu hərəkətlərdən çəkindirmək üçün lazımi tədbirlər görməyə, ciddi sanksiyalar tətbiq etməyə çağırır.

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti