...

Azərbaycan Prezidentinin avropalılara siyasət dərsi

Siyasət Materials 23 Yanvar 2015 11:35 (UTC +04:00)
Məlum olduğu kimi, yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci ənənəvi illik Dünya İqtisadi Forumu işə başlayıb və Prezident İlham Əliyev Forumda “Transformasiya prosesində regionlar: Avrasiya” sessiyasında çıxış edib.
Azərbaycan Prezidentinin avropalılara siyasət dərsi

Arzu Nağıyev - Trend-in baş direktorunun müavini, siyasi şərhçi

Məlum olduğu kimi, yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci ənənəvi illik Dünya İqtisadi Forumu işə başlayıb və Prezident İlham Əliyev Forumda "Transformasiya prosesində regionlar: Avrasiya" sessiyasında çıxış edib. Azərbaycan Prezidentinin çıxışı əsasən bir neçə istiqamətdə qurulub və siyasi, iqtisadi, hərbi tərəfləri tam əhatə edib.

Azərbaycan Prezidenti İlham Əliyev əsas məsələlərdən biri kimi dövlətimizin necə müstəqillik əldə etdiyini, bu yolun hansı çətinliklərdən keçdiyini, ictimai-siyasi formasiyaların necə dəyişdiyini dəqiqliyi ilə forum üzvlərinin diqqətinə çatdırdı. Prezident öz çıxışında qeyd etdi ki, "bu, regionda böyük dəyişiklik, eləcə də bizim qarşımızda böyük vəzifə idi, çünki müstəqil dövlət qurmaq imkanı yaranmışdı. Biz dövlət qurmalı, eləcə də bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan müasir iqtisadiyyat yaratmalı idik".

Dövlət başçısı çıxışında bu yolda ən çətin prosesin məhz Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi və dünya dövlətlərinin biganəliyinin olduğunu bir daha diqqətə çatdırdı. Prezident bununla bağlı bəyan etdi ki, "Azərbaycan 20 ildən artıqdır ki, erməni işğalından əziyyət çəkir və danışıqlar prosesi nəticəsiz qalır". Bu bir həqiqətdir və bunu belə forumda bəyan etmək təqdirəlayiq addımdır.

Azərbaycan Prezidenti çox haqlı olaraq qeyd etdi ki, postsovet məkanındakı, eləcə də ümumilikdə bütün dünyadakı münaqişələrə vahid yanaşma olmalıdır, eyni beynəlxalq hüquqi normalar tətbiq edilməlidir, çünki dövlət başçısının da bildirdiyi kimi, hansısa münaqişə həll olunmadıqda və həlli yubanan münaqişəyə çevrildikdə başqa münaqişə doğurur. Bu gün bu, artıq göz qabağındadır. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dünya ictimaiyyəti tərəfindən əməli addımlar atılmadığı üçün yeni münaqişə ocaqları, o cümlədən regionda bu münaqişələrin sayı artır, separatizm dalğası baş qaldırır, hərbi münaqişələr, müharibələr baş verir və bu da təbii ki, insan təlafatı ilə nəticələnir. Məhz buna görə də Prezident İlham Əliyevin bu məsələyə münasibəti alqışlanmalıdır və hər bir dövlət bundan özü üçün nəticələr çıxarmalıdır.

Prezident İlham Əliyev transformasiyalar barədə də danışıb və qeyd edib ki, "bizim üçün transformasiya siyasi sistemin transformasiyası demək idi, çünki müstəqilliyin əldə edilməsinə qədər bu, bizdə yox idi. Bu, həmçinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına transformasiya idi".

Dövlət başçısının da vurğuladığı kimi, bu gün Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır, ölkə neftdən getdikcə daha az asılı olur, iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün çox iş görülür. Nəticə kimi artıq Azərbaycan özü donor ölkəyə çevrilib və bir sıra layihələri yalnız özü maliyyələşdirmək iqtidarındadır.

Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsinin hər bir ölkə, xüsusilə də neft-qazla zəngin olan ölkələr üçün vacib elementlərdən biri olması məsələsi üzərində də dayandı, bu inkişafa mane olan başçıca amillərdən biri kimi məhz regionda terror hücumları ilə bağlı hədələr də daxil olmaqla, münaqişələr və təhdidlərin mövcudluğunu qeyd etdi.

Bununla bağlı cənab İlham Əliyev bildirdi ki, "ölkə hüdudlarından kənarda əvvəlcədən proqnozlaşdırılan vəziyyətə malik olduğunuz zaman ölkədə sabitlik tam şəkildə bərpa edilə bilər. Buna görə də enerji və nəqliyyat layihələrimiz hər bir ölkənin ondan mənfəət əldə edə bilməsi üçün geniş milli və regional əməkdaşlığa yönəlib". Yəni istənilən tərəf hansı mövqeyindən asılı olmayaraq, Azərbaycan və onun siyasətindən, iqtisadi layihələrindən yararlanmaq istəyirsə, bu təhdidlərin qarşısının alınması istiqamətində əməli addımlar atmalıdır.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyev forumda belə bir mövqe ortaya qoymaqla avropalılara dövlət və dövlətçiliyin terrorizm təhdidlərdən və münaqişələrdən qorunması, ikitərəfli maddi, mənəvi və iqtisadi maraqlar zəminində mehriban qonşuluq, əmin-amanlıq şəraitində yaşamaq üçün sanki siyasət dərsi keçdi...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti