...

Həmməruzəçi Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığını təqdir edir

Siyasət Materials 3 Mart 2015 15:15 (UTC +04:00)
Baş prokuror Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Həmməruzəçi Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığını təqdir edir

Azərbaycan, Bakı, 3 mart /Trend/

Martın 3-də Baş prokuror Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Z.Qaralov AŞ PA ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirərək Prezident cənab İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən konkret işlər barədə ətraflı məlumat verib.

Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verildiyini bildirən Baş prokuror ötən ildə, o cümlədən ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Bakı şəhərində korrupsiyaya qarşı mübarizə sahəsində keçirilmiş yüksək səviyyəli beynəlxalq konfransların əhəmiyyətindən bəhs edib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Baş prokuror çıxışında respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini xüsusi vurğulayıb.

Azərbaycan Respublikasına növbəti səfərindən məmnunluğunu ifadə edən P.Aqramunt əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir edib, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti