Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Səba Ağayeva/
Xəzərin dibi ilə boru kəmərləri və kabellərin çəkilməsi məsələləri hələ də gündəlikdədir və bununla bağlı müzakirələr davam edəcək.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bradçikov Bakıda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin müavinləri səviyyəsində işçi qrupun 39-cu iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Xəzərin hüquqi statusu üzrə konvensiya layihəsində boru kəmərlərinin çəkilməsi barədə ayrıca bənd var: "Həmin bənd müzakirə olunur və müxtəlif yanaşmalar var. Müzakirələr davam edir".
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov isə əminliyini bildirib ki, gələcəkdə bu məsələ öz həllini bütün sahilyanı ölkələrin xoş iradəsi ilə diktə edilən mövqe əsasında əksini tapacaq.
İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur qeyd edib ki, Xəzərdə əməkdaşlıq üçün beş sahilyanı dövlətin geniş imkanları var: "Ümid edirik ki, konvensiya üzərində iş uğurla başa çatacaq və bütün məsələlər razılaşdırma yolu ilə həllini tapacaq".