Azərbaycan, Bakı, 9 aprel /Trend/
Avropa üçün Azərbaycanın müstəsna rolu ölkənin təkcə əhəmiyyətli neft-qaz ehtiyatlarına malik olmasında deyil. Hazırda iri nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycan Avropanın Asiyaya və əksinə açılan qapısıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı Trend-in İngilis xəbərlər xidmətinin baş redaktoru Klod Salhani Bakıda keçirilən VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransında çıxış edərkən deyib.
O, qeyd edib ki, Azərbaycan ərazisindən iri nəqliyyat dəhlizləri keçir, respublikada regionun nəhəng nəqliyyat infrastrukturu layihələri həyata keçirilir - magistral avtomobil yolları modernləşdirilir, Xəzərdə iri liman tikilir: "Bakı-Tbilisi-Qars dəmiryolu marşrutu Avropa ilə Asiyanın birləşməsi məsələsində müstəsna yer tutacaq. Bu yol Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Xəzəri Avropa ilə birləşdirəcək".
K.Salhani bildirib ki, neft hasilatçısı kimi şöhrət qazanmış Azərbaycan çox vacib prosesə - Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə hazırlaşır: "Qarşıdakı illərdə Azərbaycan qazı Avropa istehlakçıları üçün yeganə yeni mənbə olacaq. Və bu prosesin təşəbbüskarı kimi ilk növbədə Bakı çıxış edir".
O, əlavə edib ki, hazırda ölkə yeddi neft-qaz ixrac kəmərlərinə malikdir: "Uzun illərdir ixrac strategiyasının tacı 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi"nin hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Lakin Azərbaycan əldə edilənlə kifayətlənmədi və XXI əsrin müqaviləsini reallaşdırmağa başladı. Bu müqavilə "Şahdəniz" yatağından qaz ixracını, ümumi dəyəri 45 milyard dollar olan şaxələndirilmiş qaz kəmərləri şəbəkəsinin (o cümlədən TANAP və TAP) yaradılmasını nəzərdə tutur".
Baş redaktor deyib ki, neft və qazdan əldə edilən gəlilər Azərbaycana bir çox sosial məsələləri həll etməyə, demək olar, yoxsulluq və işsizliyi aradan qaldırmağa, peyk buraxmağa və ən əsası, neft sektorundan asılılığı azaltmağa imkan verdi: "Hazırda ölkə ÜDM-in təqribən 70 faizi iqtisadiyyatın qeyri-neft sektorunun payına düşür. Ölkə SSRİ-dən miras qalan infrastrukturun yenilənməsi yolu ilə getdi ki, bu da son vaxtlar keçmiş SSRİ məkanında çox tez-tez baş verən texnogen fəlakətlər riskini xeyli azaltmağa imkan verdi".