Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Anaxanım Hidayətova/
Avropa İttifaqı (Aİ) ölkələri Türkiyəni öz sıralarına daxil etmək istəmir, Almaniyanın qondarma "erməni soyqırımı"nı tanıması isə Avropanın bu məsələdəki mövqeyini möhkəmləndirə bilər.
Bunu Trend-ə açıqlamasında Türkiyədəki "Strategic Outlook" Araşdırmalar Mərkəzinin prezidenti Yusif Çinar bildirib.
Ekspert Almaniyanın qondarma "soyqırım"ı tanıması ehtimalını şərh edərkən qeyd edib ki, Almaniyanın bu qərarı məhz erməni lobbisinin maraqlarına uyğun olaraq, iqtisadi fəsadlardan çox siyasi fəsadlara gətirib çıxara bilər.
O bildirib ki, Almaniyada 4,5 milyon türkiyəli miqrant yaşayır və onlar həm bu ölkənin iqtisadiyyatı, həm də Almaniya-Türkiyə iqtisadi əlaqələri üçün ciddi əhəmiyyət daşıyırlar: "Əgər Almaniya heç nəyə baxmayaraq "erməni soyqırımı"nı tanısa, Türkiyə ticarət həcmlərinin azalması məsələsində Almaniyaya təsir edə bilməz. Türkiyənin ata biləcəyi maksimum addım səfiri geri çağırmaq olar".
Y.Çinar vurğulayıb ki, Almaniya ilə iqtisadi münasibətlər Türkiyə üçün çox vacibdir və Ankara, sadəcə, Almaniyanın qərarını tanımayacaq.
2014-cü ildə Almaniya və Türkiyə arasındakı əmtəə dövriyyəsi 37,4 milyard ABŞ dolları həcmində olub.