...

Fuad Muradov: Biz iş istəyirik…

Siyasət Materials 6 İyul 2015 12:57 (UTC +04:00)
Avropa Parlamenti ilə bizim əməkdaşlıq komitəmiz mövcuddur. Amma təəssüflər olsun ki, həmin komitə tərəfindən qeyri-ciddi yanaşmaya görə demək olar ki, Avropa-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində heç bir ciddi iş görülməyib.
Fuad Muradov: Biz iş istəyirik…

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir İlkin İzzət/

"Avropa Parlamenti ilə bizim əməkdaşlıq komitəmiz mövcuddur. Amma təəssüflər olsun ki, komitə tərəfindən qeyri-ciddi yanaşmaya görə demək olar ki, Avropa-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində heç bir ciddi iş görülməyib. Dəfələrlə bəyan etmişik ki, biz əməkdaşlıq komitəsinin daha canlı, məqsədyönlü olmasını və qanunlarla bağlı olan məsələləri müzakirə etmək istəyirik."

Trend xəbər verir ki, AVRONEST Parlament Assambleyası və Avropa Parlamentindəki Azərbaycan nümayəndə heyətinin üzvü Fuad Muradov mətbuata açıqlamasında bu qurumların ölkəmizlə bağlı münasibətlərini dəyərləndirərkən belə deyib.

Onun sözlərinə gorə, Avropa Parlamentində oturan insanlar son illərdə heç bir konkret işlə məşğul olmaq istəmirlər: "Yalnız boğazdan yuxarı bəyanatlar, Azərbaycanla bağlı heç bir əsası olmayan iradlar qeyd edilir. Biz heç kimin dalınca qaçası deyilik. Biz tam hüquqlu, bərabər fəaliyyət göstərməyə, əməkdaşlıq etməyə hazırıq. Amma bəzi dairələrdə belə bir fikir var ki, kiminsə dediyi ilə oturub durmalıyıq. Bu, tamamilə səhv yanaşmadır".

F.Muradov qeyd edib ki, AVRONEST Parlament Assambleyası yaranan zaman onlar qurumda münaqişə, demokratiya, insan haqları, elm, Azərbaycanla bağlı məsələləri populizmdən uzaq şəkildə müzakirə etməyə ümid ediblər: "AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin sədriyəm. Bizim təşəbbüsümüzlə iki il dalbadal enerji təhülkəsizliyi ilə bağlı seminarlar keçirildi. Seminarlarda QHT-lər, Avropa Parlamentinin deputatları iştirak etdi. Belə bir qurum ola-ola Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanla bağlı məsələni müzakirə edəndə, bu quruma müraciət etmirlər, onun fikrini öyrənmirlər, özləri bir araya gəlir, 5-6 nəfər müzakirə edir, özlərinə əl çalır və bununla da işi bitirirlər. Avropa Parlamentində bəzi dairələr var ki, onlar daima bu gərginliyi saxlamaq istəyirlər. Səbəb isə bəllidir. Birincisi, Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə bağlı çox ciddi işlər həyata keçirir. Əminəm ki, o dairələr buna qarşıdırlar. İkincisi, Azərbaycan stabil ölkədir. Oradakı qüvvələr regionda stabilliyi istəmirlər. Üçüncüsü, bu gün erməni lobbisi çox fəaldır. Erməni lobbisi Azərbaycanın mövqeyinin güclənməsini narahatlıqla qarşılayır və bilirlər ki, yaxın zamanda işğal altında olan torpaqlarımızı qaytaracağıq. Erməni lobbisi bununla bağlı qeyri-siyasi dairələrlə birləşərək Azərbaycana qarşı belə mövqe sərgiləyir".

Azərbaycan Avropa təşkilatlarından bərabərhüquqlu əməkdaşlığın həyata keçirilməsini istəyir: "Bu baş verəcəksə, fəaliyyətimizi davam etdirəcəyik. Bu seçim onların üzərindədir. Biz onlarla əməkdaşlığa hazırıq və imkanlarımız da var. Biz iş istəyirik, onlar tərəfindən bəyanatların səsləndirilməsini yox".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti