...

Ermənilər gözlənilən təxribatı etdilər

Siyasət Materials 25 İyul 2015 15:47 (UTC +04:00)
Ermənilər gözləniləni etdilər və yəqin ki, bu addımları yaxın zaman kəsiyində etməkdə də davam edəcəklər.
Ermənilər gözlənilən təxribatı etdilər

Azərbaycan xəbərlər xidməti

Mətanət Əliyeva - Trend:

Ermənilər gözləniləni etdilər və yəqin ki, bu addımları yaxın zaman kəsiyində etməkdə davam edəcəklər. Cəbhə xəttində təxribata əl atdılar. Azərbaycan dövlət sərhəddinin Gədəbəy rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutmaqla təxribat fəaliyyətləri keçirməyə cəhd göstərdilər. Artıq itkilərin olduğu barədə məlumatlar da verildi.

Bu, uzun zaman Ermənistanda baş verən xaosu, özbaşınalığı, hərc-mərcliyi, ölkə daxilində xeyli müddətdir davam edən iqtisadi tənəzzülü, aclığı, səfaləti gizlətmək, ört-basdır etmək üçün ermənilərin siyasi hakimiyyətinin düşünülmüş addımı idi.

Ermənistanda bir müddət bundan əvvəl paytaxt Yerevanda və digər bölgələrdə etiraz aksiyaları keçirilməyə başladı. Sosial problemlərin ağırlığına tab gətirməyən vətəndaşlar küçələrə axışaraq ölkənin siyasi hakimiyyətinin istefasını tələb etdi. Ermənistanda yaranan ağır situasiyanı gizlətmək, ölkə daxilində baş verən ciddi iqtisadi, siyasi tənəzzüldən diqqəti yayındırmaq və bütün bunların fonunda öz siyasi hakimiyyətini qoruyub saxlamaq üçün hakimiyyət bu gün öz əsgərlərini ölümə, qırğına da verməyə hazırdır. Necə ki, bunu artıq etməyə başladılar.

Diqqət çəkən odur ki, bu hadisə o ərəfədə baş verdi ki, bütün dünya, beynəlxalq aləm Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tez bir zamanda reallaşması üçün tərəfləri danışıqlar prosesində aktiv olmağa çağırır.

Ermənistan hökuməti isə döyüş bölgəsində vəziyyəti gərginləşdirməklə, yenidən vaxt qazanmağa, sülh prosesini yenidən dalana dirəməyə və Azərbaycan tərəfini yeni-yeni yalanlarla ittiham etməyə köklənib.

İndki halda diqqəti digər bir incə məqama da yönəltməyi vacib hesab edirəm. Ermənilər hər zaman bu cür hadisələrə əl atanda baş verənləri mətbuatda şişirtməklə yayırlar. Qarşı tərəflə bağlı itkilər haqqında məlumatlar şişirdilir və bununla da informasiya təxribatı aparılır.

Məqsəd informasiya müharibəsində udmaq və real situasiyadan diqqəti yayındırmaqdır. Ermənilər eyni zamanda, bu cür hallara yönəlik mövqelərilə özlərini bütün dünyanın gözündə əzab çəkmiş, əzilmiş xalq timsalında verməyə çalışırlar.

Ermənistan hakimiyyəti bu addımları ilə öz vətəndaşlarına hətta müharibə etmək gücündə olduğunu göstərməyə çalışır. Lakin unudurlar ki, indiki situasiyada ermənilərin bu məqsədli addımları özlərinin məhvinə gətirib çıxaracaq. Çünki cəbhədə qarşılarında güclü Azərbaycan Ordusunu görəcəklər. Və təbii ki, məğlub olacaqlar. Ermənilər bu gün Azərbaycanla müharibə etmək gücündə olmadıqlarını yaxşı bilirlər. Elə bu səbəbdən də gücləri ancaq təxribat xarakterli addımlara çatır. Bundan o yana isə heç vaxt gedə bilməzlər...

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhəddinin Gədəbəy rayonu sahəsində mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər. Düşmən cavab atəşilə susdurulub, hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib.

Düşmənin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində əməliyyat şəraitinin Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altında olduğunu, hərbi qulluqçuların döyüş ruhu və mənəvi-psixoloji durumunun yüksək olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti