...

Politoloq: İran Avropa dövlətlərinin ən çox diqqət yetirdiyi ölkəyə çevrildi

Siyasət Materials 4 Sentyabr 2015 13:28 (UTC +04:00)
İran Avropa dövlətlərinin ən çox diqqət verdiyi ölkəyə çevrildi. Avropanın bütün aparıcı dövlətləri öz rəsmilərini İrana göndərir və ya göndərməyə hazırlaşır. Böyük Britaniyanın XI naziri F.Hamondun İrana səfər etməkdə əsas məqsədi Böyük Britaniyanın İrandakı səfirliyini bərpa etmək idi.
Politoloq: İran Avropa dövlətlərinin ən çox diqqət yetirdiyi ölkəyə çevrildi

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

İran Avropa dövlətlərinin ən çox diqqət yetirdiyi ölkəyə çevrildi. Avropanın bütün aparıcı dövlətləri öz rəsmilərini İrana göndərir və ya göndərməyə hazırlaşır. Böyük Britaniyanın xarici işlər naziri F.Hamondun İrana səfər etməkdə əsas məqsədi Böyük Britaniyanın İrandakı səfirliyini bərpa etmək idi.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, eyni ilə həmin vaxtda Londonda da İranın səfirliyinin fəaliyyəti bərpa edildi: "F.Hamondu prezident H.Ruhani qəbul etdi. F.Hamond iranlı həmkarı ilə görüşüb mətbuat konfransı keçirdi. Almaniya, Fransa və Aİ-nin yüksək səviyyəli nümayəndələrinin bir az əvvəl İrana baş tutan səfərlərini nəzərə alsaq, Avropanın İrana öz problemlərinin həllində ümid yeri kimi baxdığını söyləmək mümkündür. İran da Qərbin rolunu və iştirakını dəyərləndirir. Prezident S.H.Ruhani "altılıqla" imzalanan müqavilənin Suriya və Yəmən tənzimləmələrinə də kömək edəcəyini bildirdi".

M.Əhmədoğlu qeyd edib ki, İranın Yəmən və Suriya mövqeyində ciddi dəyişikliklər var: "İran hər iki dövlət üzrə siyasətində mövqeyini yumşaldıb, bəlkə də geri çəkilib. Suriyada beynəlxalq müşahidəçilərin nəzarəti altında, milli qüvvələrin iştirakı ilə prezident seçkilərinin keçirilməsi variantını hazırladı. Suriya prezidenti Bəşər Əsəd bu variantı rədd etdi. Beynəlxalq müşahidəçilərin İranda Suriyadakı seçkilərə necə rəy verəcəyi bəri başdan bəllidir. Bu, elə İrana da bəllidir. Ehtimal ki, milli qüvvələr dedikdə İran ABŞ-ın yaratdığı müxalifəti nəzərdə tuturdu. ABŞ-ın Bəşər Əsəd hakimiyyətinə belə münasibəti ona qarşı inamı sarsıda bilər. İranın Yəmən siyasətilə də bağlı dəyişiklik ciddidir. Husilərin məğlubiyyətə uğraması, vacib şəhərlərin və ərazilərin prezident Hadinin nəzarətinə keçməsi İranın husilərə verdiyi dəstəyi azaltmasının nəticəsidir. İran parlamentinin spikeri Ə.Laricani ABŞ-da olarkən Suriya və Yəməndəki proseslərin demokratik yolla həll edilməsini İranın mövqeyi kim təklif etdi. Bəşər Əsəd və onun mənsub olduğu ələvilər Suriyada 20%-dən çox deyil. Yəməndə husilər də daxil olmaqla bütün şiələr isə əhalinin 48%-indən çox deyil. Spiker Ə.Laricani, o cümlədən İran çox gözəl bilir ki, demokratiya çoxluğun hakimiyyətidir. Suriyada və Yəməndə İranın dəstəklədikləri çoxluq deyil. İranın Yəmənə və Suriyaya qarşı indiki dəyişən mövqeyini İranla ABŞ arasında nüvə danışıqları çərçivəsində aparılmış çoxsaylı danışıqlarda əldə olunmuş razılaşma kimi dəyərləndirmək daha düzgündür".

Mərkəz rəhbəri sonra əlavə edib ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Livanda səfərdə oldu: "Terrorizmə qarşı mübarizədə Livandakı dini tolerantlığın mühüm rol oynadığını bildirdi. Onun bu bəyanatını dolayısı yolla "Hizbullahın" özünü xüsusi missiya kimi fərqləndirməsinin əleyhinə başa düşmək olar. Cavad Zərif Türkiyəyə səfər etmək niyyətini anonsladı. Sonradan bu səfəri təxirə saldı. Təxirə salmanın səbəbləri çox ola bilər. Türkiyənin Suriya ərazisində reallaşdırdığı hərbi əməliyyatlar İran tərəfdən Türkiyənin Suriyanın ərazi bütövlüyü və dövlət suverenliyini pozması kimi dəyərləndirilir. Eləcə də, Türkiyənin daxili vəziyyətinin gərginləşməsi, Türkiyədə yeni hökumətin qurula bilməməsi də Cavad Zərifin Ankaraya səfərinin təxirə salınmasının səbəbləri ola bilər. İranda belə hesab edirlər ki, Türkiyədəki indiki hökumət dəyişilə bilər".

Politoloq qeyd edib ki, ABŞ-ın İrana qarşı siyasəti hələ ki, köhnə prinsiplərlə davam edir: "B.Obama İrana nüvə silahı yaratmağa imkan verilməyəcəyini bəyan edir. İrana qarşı sanksiyaların bərpa ediləcəyini də vurğulayır. B.Obama İsrail baş naziri B.Netahyahunun İranla əlaqəli mövqeyinin ardıcıl tənqidçisinə çevrilib. B.Netanyahu ABŞ-dakı yəhudiləri təşkilatlanmağa və ABŞ-ın İranla əlaqəli siyasətinə qarşı çıxmağa çağırdı. Bunun əvəzində B.Obama İranla müqavilə imzalandıqdan sonra ABŞ-ın İranla münasibətinin yaxşılaşacağını bildirdi. ABŞ konqresmenləri İrana qarşı neqativ mövqelərini dəyişməyiblər. AEBA-nın direktoru Y.Amano ilə görüş konqresmenlərdə optimizmi artırmadı. İranda isə ABŞ-a münasibətdə dəyişiklik çoxdur. Yalnız İranın Ali Dini Lideri S.Xamnei ABŞ-la bağlı əvvəlki mövqeyində qalır: "Altılıqla" müqavilə imzalandıqdan sonra ABŞ-ın İrana mədəni, iqtisadi və siyasi təsirlərinə imkan verilməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti