...

İran XİN: Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə əməkdaşlıq sürətlənib

Siyasət Materials 11 Sentyabr 2015 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Xəzəryanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə əməkdaşlıq sürətlənib. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur deyib.

İ.Rəhimpur qeyd edib ki, Moskvada keçirilən iclasda iştirak edən 5 ölkənin nümayəndələri iclasın nəticələrindən razılıqlarını bildirdi: "İndiyədək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması prosesi yaxşı aparılıb. Bir sıra məsələlər qalıb ki, növbəti iclasda müzakirə olunacaq".

O bildirib ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi işçi qrupunun növbəti iclası Qazaxıstanda keçiriləcək: "Ümid edirik ki, dövlət başçılarının sammitinə kimi müsbət nəticələr əldə olunacaq".

Qeyd edək ki, sentyabrın 8-10-da Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi işçi qrupunun 41-ci iclası keçirilib.

Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak edib. Konvensiya layihələrinin müzakirəsi zamanı əsas diqqət başlanğıc nöqtələrinin müəyyən edilməsi metodikasına, Xəzərdə dənizçilik rejiminin yaradılması və dəniz elmi araşdırmaların aparılmasına ayrılıb. Konvensiya layihəsinin mətni ilə bağlı irəliləyiş qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti