...

Siyavuş Novruzov: AXCP-nin qurultayı mənasız, məzmunsuz və yersiz idi

Siyasət Materials 28 Sentyabr 2015 15:08 (UTC +04:00)
AXCP-nin sentyabrın 27-də keçirdiyi qurultay mənasız, məzmunsuz və yersiz bir qurultay idi. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov: AXCP-nin qurultayı mənasız, məzmunsuz və yersiz idi

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

AXCP-nin sentyabrın 27-də keçirdiyi qurultay mənasız, məzmunsuz və yersiz bir qurultay idi. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, qurultay müəyyən edilmiş vaxtlarda keçirilməlidir: "Qurultay partiyanın nizamnamə tələblərinə uyğun keçirilməlidir. Bu qurultay isə vaxtında keçirilən qurultay deyildi. Guya qurultaydan əvvəl görüşlər keçiriblər, amma yolda, küçədə kim qarşılarına keçdi qurultaya nümayəndə seçiblər".

S.Novruzov bildirib ki, qurultayda Əli Kərimlinin 57 dəqiqə sürən mənasız və məzmunsuz çıxışında konkret ideya, fikir, reallıq yox idi: "Çıxışında Azərbaycanın nefdən asılılığı ilə bağlı fikirlər söyləyir, amma əsaslı fikir söyləyə bilmir. Çində də devalvasiya oldu. Məgər Çinin nefti var? Yox. Bu, dünyada gedən bir prosesdir. İkinci bir tərəfdən, Əli Kərimli korrupsiyadan danışır, amma ən böyük korrupsiyalaşmış elə o özüdür. O, qanunsuz pulları xarici təşkilatlardan alır. Əli Kərimlinin Londonda villaları hardandır? Sual olunur, 20 ildir heç bir yerdə işləmirsən, əmək haqqı almırsan, bəs nə ilə dolanırsan? Başqalarını korrupsiyada ittiham edir, amma ən böyük korrupsioner o özüdür. Əli Kərimli deyir ki, heç vaxt səngərdən qaçmayıb, fərari olmayıb. Sən ömrü boyu hərbi xidmətdə olmamısan, səngərdən qaçmısan. Azərbaycanın müstəqilliyi dövründə, Dağlıq Qarabağda müharibə getdiyi vaxt sən hərbi xidmətdə olmamısan. Həmin vaxt daxili işlər naziri işləmiş İsgəndər Həmidov səni fərari adlandırıb. Sən bir nömrəli fərarisən. Əli Kərimli deyir ki, satqın olmayıb. O, ömrü böyü satqın olub. Vəzifəyə görə, Elçibəyi, bütün silahdaşlarını, dostlarını satıb. Əli Kərimli iddia edir ki, ətrafında olanları pulla alırlar, iqtidar buna vəsait sərf edir və s. Sənin ətrafında kim olsun ki, onu da ələ alsınlar?

S.Novruzov əlavə edib ki, AXCP-nin qurultayı bir sifariş idi: "Bunlara göstəriş verilib ki, indiki vaxtda guya fəallaşmaq üçün qurultay keçirsinlər. Başqa vaxt demokratiyadan, alternativlikdən danışırlar, alternativsiz seçki olmaz deyirlər. Bəs, Əli Kərimli niyə alternativsiz seçildi? Bir alternativ var idi, onun da üstünə elə düşdülər ki, xalq düşmənindən betər edib yola saldılar. Bütün bunlar göstərir ki, onların bütün hərəkətləri saxta, yalan, çıxışları isə iftiradır".

Qeyd edək ki, bundan öncə AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (EQTK) də Əli Kərimlinin rəhbərlik etdiyi qrupun 27 sentyabrda AXCP adından keçirdiyi qurultayla bağlı bəyanat vermişdi. Bəyanatda bildirilir ki, partiyanın Nizamnaməsi kobud şəkildə pozulub və bir ildən artıq müddətdə Əli Kərimli qeyri-qanuni olaraq özünü AXCP sədri kimi təqdim edib. AXCP-nin Nizamnaməsinə görə partiyanın qurultayı 4 ildən bir keçirilməlidir. Nizamnaməyə görə, qurultay 2014-cü ilin sentyabr ayında keçirilməli idi. Lakin Əli Kərimli partiyanın Nizamnaməsini pozub. Partiya faktiki olaraq 19 avqust 2015-ci ildə parçalanıb və 76 rayon şöbəsindən 40-ı artıq AXCP EQTK-da fəaliyyət göstərir. Belə bir vəziyyətdə Əli Kərimlinin AXCP adından çıxış etmək, AXCP-ni təmsil etmək və AXCP adından qurultay keçirmək səlahiyyətləri yoxdur və partiya adından keçirilməsi nəzərdə tutulan qurultay legitim deyildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti