...

İvo Yosipoviç: Ölkələr arasında ədalətsiz yanaşmalar siyasi münaqişələrə gətirib çıxarır

Siyasət Materials 11 Mart 2016 15:45 (UTC +04:00)
"Ölkələr və cəmiyyətlər arasında ədalətsiz yanaşmalar siyasi problemlərə, siyasi münaqişələrə, hətta inqilablara gətirib çıxarır".
İvo Yosipoviç: Ölkələr arasında ədalətsiz yanaşmalar siyasi münaqişələrə gətirib çıxarır

Bakı. Anaxanım Hidayətova - Trend:

Bu gün Bakıda işini davam etdirən "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Aleksandr Likhotalın moderatorluğu ilə "Qeyri-bərabər bölünmüş dünyadan müştərək cəmiyyətə doğru yerdəyişmə: Necə?" adlı panel müzakirələri keçirilib.

Trend-ın məlumatına görə, müzakirələrdə iştirak edən BMT baş katibinin keçmiş müavini Noelen Hayzer bildirib ki, dünya hazırda həmişə olduğundan daha zəngindir: "Hazırda daha çox elm, daha çox texnika var. Biz təhlükəsizlik barədə daşınırıq. Lakin ilk növbədə iqtisadi bərabərsizliyə də baxmalıyıq. Dünyada iqtisadi sistem yenilənməlidir. Bizim bölüşmək üçün yeganə planetimiz var. Biz yoxsulluq və iqtisadi bərabərsizliyin aradan qaldırılması üçün iqtisadi sistemlərimiz barədə düşünməliyik".

N.Hayzer verilən sözlərin reallığa çevrilməməsini təəssüflə qeyd edib: "Milyonlarla insan işsizdir, onlar kriminal aləm tərəfindən hər an cəlb olunmağa hazır vəziyyətdədirlər. Hökumətlər bu sahədə müəyyən işlər görməlidir".

Daha sonra çıxış edən Xorvatiyanın keçmiş Prezidenti İvo Yosipoviç bildirib ki, münaqişələrin əsasını dövlətlərdə mövcud olan qeyri-bərabərlik təşkil edir və bu, bütün regionlara təsir edir: "Ölkələr və cəmiyyətlər arasında ədalətsiz yanaşmalar siyasi problemlərə, siyasi münaqişələrə, hətta inqilablara gətirib çıxarır. Bərabərsizliyin dini, siyasi, iqtisadi təsirləri olur. Nə etməliyik? Bütün dövlətlər, əsasən də güclü olanlar dövlət daxilində sosial ədalətə diqqət etməlidirlər".

Tanzaniyanın keçmiş Prezidenti Benjamin Mkapa Afrika ölkələrində sosial ədalətsizliyin əsas səbəbi olan cahilliyin, elmsizliyin öhdəsindən dövlət, parlament, media, vətəndaş cəmiyyətinin gələ biləcəyini vurğulayıb: "Sosial bərabərsizliyin əsas səbəbi ölkələr arasında qeyri-bərabərlikdir. Yeni nəsil kimi bir yerə yığışıb yeni cəmiyyət naminə çalışmalıyıq".

Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku isə texnikanın insanlara təsirindən söz açaraq qeyd edib ki, əgər texniki inkişaf sürətlə gedirsə, humanitar inkişaf zəif olur: "20-ci əsrin ikinci yarısında azadlıq ən böyük oyun idi. Amma azadlıq bərabərsizlik gətirdi. Bizim dünya hazırda ciddi təzadlar içərisində yaşayır. Biz universal konsensus təşkil etməliyik. Biz bu problemlərin qarşısını almaq üçün hansı real tədbirləri görə bilməyimiz barədə danışmalıyıq. Dözümsüzlüklə qarşılaşmamaq üçün eyni mövqeyə gəlmək bütün xalqların marağındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti