...

Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə arasında əməkdaşlığımız dərinləşir, inkişaf edir

Siyasət Materials 16 Mart 2016 08:25 (UTC +04:00)
Martın 15-də Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib.
Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə arasında əməkdaşlığımız dərinləşir, inkişaf edir

Bakı. Trend:

Martın 15-də Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

-Hörmətli cənab Prezident, əziz qardaşım.

Mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

İlk növbədə iki gün əvvəl Ankarada törədilmiş dəhşətli terror aktı nəticəsində həlak olanlara Allahdan rəhmət diləmək istəyirəm. Həlak olanların yaxınlarına Allahdan səbir diləyirəm. Bu dəhşətli terror aktı bizi də sarsıtdı. Azərbaycan xalqı həmişə olduğu kimi, bu gün də türk xalqı ilə birlikdədir. Biz həmrəyik, dostuq, qardaşıq. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığı dayanır. Yaxşı günlərdə də, ağır günlərdə də biz hər zaman bir-birimizin yanındayıq.

Siz də qeyd etdiyiniz kimi, bu il Azərbaycan müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edəcək. Bizim müstəqilliyimizi tanıyan ilk ölkə Türkiyə olmuşdur. O gündən bu günə qədər bizim əməkdaşlığımız dərinləşir, inkişaf edir və bu gün strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir.

Biz bir çox sahələr üzrə ciddi fəaliyyət göstəririk. Siz qeyd etdiyiniz kimi, təhlükəsizlik, terrora qarşı mübarizə sahələrində, enerji, nəqliyyat, hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığımızın çox gözəl tarixi var və əminəm ki, bu əməkdaşlıq getdikcə daha da dərinləşəcək.

Türkiyənin son illər ərzində sürətli inkişafı da bizi sevindirir. Türkiyə bu gün dünya miqyasında güclü ölkələr sırasındadır. Türkiyənin bütün dostları buna sevinirlər, ilk növbədə Azərbaycan xalqı buna sevinir.

Keçən ilin noyabr ayında Sizin rəhbərliyinizlə G20 toplantısı keçirilmişdir. Bu da ölkənizin növbəti böyük zəfəri idi. Biz fəxr edirik ki, Azərbaycan bu toplantıya dəvət olunmuşdur. Siz bir daha öz qardaşlığınızı göstərdiniz. Çünki Siz bir ölkəni dəvət edə bilərdiniz, o ölkə də Azərbaycan oldu. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.

Bir sözlə, bizim əlaqələrimizin gələcək inkişafı üçün bütün imkanlar vardır. Bu gün birgə icra etdiyimiz layihələr bizi daha da möhkəmləndirir. Enerji sahəsində, qeyd etdiyiniz kimi, TANAP layihəsinin icrası artıq reallaşıb və əminəm ki, vaxtında icra ediləcək. Biz TANAP layihəsinə sizinlə bərabər 2012-ci ildə İstanbulda start verdik. Ondan sonra TANAP layihəsi əsasında "Cənub Qaz Dəhlizi" layihəsi də yaranmışdır.

Xəbər lenti

Xəbər lenti