...

Səfir: Növbəti tədris ilində UFAZ tədrisi yeni binada təşkil edəcək

Siyasət Materials 15 Sentyabr 2016 12:15 (UTC +04:00)
Bu gün Fransız-Azərbaycan Universitetinin (UFAZ) açılış mərasimi keçirilib.
Səfir: Növbəti tədris ilində UFAZ tədrisi yeni binada təşkil edəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Fransız-Azərbaycan Universitetinin (UFAZ) açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov həyata keçirilən islahatların təhsilin bütün pillə və səviyyələrində keyfiyyət dəyişikliyinə səbəb olduğunu bildirib. Təhsil naziri qeyd edib ki, ali təhsil müəssisələrinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, I qrup üzrə 500-dən artıq bal toplamış 300-ə yaxın abituriyentin qatıldığı imtahanın nəticələrinə görə 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 23 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.

Fransız-Azərbaycan Universitetinin tələbələrini təbrik edən təhsil naziri bildirib ki, bu universitetin yaradılması iki ölkənin ali təhsil sisteminin uğurlu layihəsidir: "Bu layihənin vaxtında və keyfiyyətlə gerçəkləşməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyini xüsusi qeyd etmək istəyirəm. UFAZ layihəsinin həyata keçirilməsi üçün hər iki ölkənin yüksək brendə və təhsilə malik olan universitetləri seçilib. İnanırıq ki, UFAZ yaxın gələcəkdə regionun sayılıb-seçilən məktəblərindən birinə çevriləcək. Növbəti illərdə UFAZ layihəsinin genişləndirilməsini, yeni ixtisasların açılacağını mümkün hesab edirik".

M.Cabbarov əlavə edib ki, UFAZ layihəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyətə başlayıb. Əsas məqsədi Azərbaycanın sosial-iqtisadi, xüsusilə, elm və qabaqcıl texnologiyalar sahəsində inkişafına xidmət edən yüksək səviyyəli mütəxəssislər hazırlamaq olan UFAZ-a 2016-2017-ci tədris ili üçün 4 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib. Bunlar kimya mühəndisliyi (ADNSU və Strasburq Universiteti), kompüter elmləri (ADNSU və Strasburq Universiteti), geofizika mühəndisliyi (ADNSU və Strasburq Universiteti) və neft və qazın kəşfi və hasilatıdır (ADNSU və Rennes1 Universiteti). Tədris Fransa universitetlərindən cəlb edilmiş və yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılacaq və təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.

Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez bildirib ki, UFAZ layihəsi təhsil sahəsində unikal bir əməkdaşlığın nəticəsini və Fransa-Azərbaycan münasibətlərinin səviyyəsini göstərir. Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə gerçəkləşdirilən UFAZ layihəsi iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələdir: "Bu universitetin yaradılması ilə hər iki ölkə gözəl bir layihəyə başlayır. Bu layihə Azərbaycan və Fransa Prezidentlərinin istəyi və razılığı nəticəsində ərsəyə gəlib. UFAZ universitetinin açılışı Azərbaycanda iqtisadi inkişafın və xarici investisiyanın cəlb olunmasına töhfə verəcək".

Səfir bildirib ki, UFAZ-da Fransadan gələn müəllimlər də öz biliklərini bölüşəcəklər.

O.Buşezin sözlərinə görə, növbəti tədris ilində UFAZ tədrisi əsaslı təmir olunmuş yeni binada təşkil edəcək.

Fransa Təhsil Nazirliyinin Avropa və Beynəlxalq Əlaqələr və Əlaqələr və Əməkdaşlıq Nümayəndəliyinin rəhbəri Marian Brünhof deyib ki, bu layihənin ərsəyə gətirilməsi üçün 1,5 il ərzində işlər aparılıb. Onun sözlərinə görə, UFAZ-ın məzunları gələcəkdə Azərbaycanın sosial-iqtisadi həyatının əsas iştirakçısı olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti