Bakı. Trend:
Azərbaycanın Litvadakı səfirliyində referendumla bağlı səsvermə keçirilir.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendumda) Litvada daimi və ya müvəqqəti yaşayan həmvətənlərimizin iştirakının təmin edilməsi məqsədilə 16 saylı Yasamal ikinci seçki dairəsinin Azərbaycanın Litvadakı səfirliyində yaradılmış 38 saylı seçki məntəqəsi bu gün, sentyabrın 26-da yerli vaxt ilə saat 08:00-da açılıb.
Bildirilir ki, seçici hüququna malik həmvətənlərimiz öz seçimlərini etmək üçün səhər saatlarından məntəqəyə gəlir və səsvermədə fəal iştirak edirlər. Referendumun gedişatı ilə bağlı Litvanın “alkas.lt” internet portalı tərəfindən çəkiliş aparılıb.
Referendumda səsvermə davam edir. Azərbaycanın Litvadakı səfirliyində yaradılmış seçki məntəqəsi yerli vaxtla saat 19:00-da bağlanacaq.
Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.
Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.
Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.