Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTac Dövlət İnformasiya Agentliyinin təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda dəyirmi masada birinci panel keçirilib.
Trend-in məlumatına görə, paneldə dünyanın nüfuzlu media qurumlarının rəhbərləri, Azərbaycan dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbəri, yerli media qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak edib. Dəyirmi masanın moderatoru Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman olub.
M.Qusman bildirib ki, müasir jurnalistika və informasiya texnologiyaları barədə geniş müzakirələrin aparılmasına ehtiyac var. O bildirib ki, V Bakı Beynəlxalq Humanitar Forumunun bu cür müzakirələrə geniş imkanlar yaradır. M.Qusman forumun təşkilatçılığına görə Azərbaycana, Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən AzərTac-in baş direktoru Aslan Aslanov Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzlu beynəlxalq platformaya çevrildiyini qeyd edib. O bildirib ki, bu gün müzakirə olunan mövzu dünya mediasını da dərindən düşündürür və narahat edir: “Bu baxımdan da sözügedən mövzu Azərbaycan üçün olduğu kimi, dünya mediası üçün də aktual əhəmiyyətə malikdir. Müasir jurnalistika yeni mərhələyə qədəm qoyub və dünya nizamında mütləq öz yerini tapmalıdır. Bunun üçün də gərgin müzakirələr gedir. Əminəm ki, bu gün Bakıda sözügedən mövzularda çox maraqlı və səmərəli müzakirələr olacaq”.
Dəyirmi masada çıxış edən UNESCO-nun baş direktorunun birinci müavini Enqida Qetaçyu bildirib ki, internetin, informasiya texnologiyalarının inkişafı həm cəmiyyətə, həm də mediaya mühüm təsir göstərib, söz azadlığı üçün münbit şərait yaradıb. O qeyd edib ki, bu gün dünyada obyektiv jurnalistikaya böyük eytiyac var. UNESCO rəsmisi bildirib ki, jurnalistika həssas dövürlərdə, o cümlədən böhran və münaqişələr zamanı cəmiyyətə düzgün informasiya çatdırmalıdır. Onun fikrincə, jurnalistika yalnız cəmiyyətə informasiya çatdırılması baxımından deyil, eyni zamanda cəmiyyətin inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. E.Qetaçyu bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu bu istiqamətdə, o cümlədən dünya qarşısında duran çağırışlarla bağlı müzakirələrin aparılması üçün çox gözəl platformadır. O, bu təşəbbüsün irəli sürülməsi və uğurla davam etdirilməsinə görə Azərbaycana təşəkkürünü bildirib.
Azərbaycan Diplomatik Akademiyasının Aparat rəhbəri Şəfəq Mehrəliyeva Azərbaycanda jurnalistikanın tarixi haqqında danışıb və bildirib ki, Azərbaycan milli mətbuatının əsası Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə qoyulub. Ş.Mehrəliyeva həmin dövrdən Azərbaycan mətbuatının böyük inkişaf yolu keçdiyini bildirib. Bu gün jurnalistikanın vəzifələrinə toxunan Ş. Mehrəliyeva medianın məsuliyyətli olmasının zəruri olduğunu qeyd edib.
Tədbirdə çıxış edən İranın İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xodadi informasiya texnologiyalarının mediada rolu haqqında danışıb. O bildirib ki, informasiya texnologiyalarının inkişafı yeni informasiya qanyaqlarının meydana gəlməsinə şərait yaratdı. M.Xodadi bildirib ki, informasiya texnologiyalarının inkişafı sayəsində bu gün informasiya daha geniş auditoriyanı əhatə edir. O, medianın yeni reallıqlara uyğunlaşmasının vacibliyini qeyd edib.
Dəyirmi masada çıxış edən Malaziya “Qlobalist” jurnalının təsisçisi Yusof Haşim, Efiopiyanın Fana teleşirkətinin baş icraçı direktoru Vuldu Baraki, Yaponiyanın “World İnvestors” internet televiziyasının prodüseri Kazuyasu İşida mövzu barədə fikirlərini bölüşüblər.