...

Milli Məclisdə BMT İnkişaf Agentliyinin əməkdaşları ilə görüş keçirilib

Siyasət Materials 31 May 2017 13:03 (UTC +04:00)
Milli Məclisdə BMT İnkişaf Agentliyinin əməkdaşları ilə görüş keçirilib.
Milli Məclisdə BMT İnkişaf Agentliyinin əməkdaşları ilə görüş keçirilib

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisin Əmək və sosial siyasət və Səhiyyə komitələrinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişafı” üzrə aparılan ardıcıl işin hüquqi bazasının gücləndirilməsi ilə bağlı BMT-nin İnkişaf Proqramının (UNDP) əməkdaşları ilə birgə görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanın müstəqillik qazandığı ilk günlərdən başlayaraq daim BMT və digər strukturlarla əməkdaşlıq etdiyini vurğulayıb.

H.Rəcəbli bildirib ki, son 15 ildə Azərbaycan sosial sabitliyin üzərində yeni inkişaf etməkdə olan dövlət quruculuğu modeli ilə məşğuldur: “Ölkəmizdə dayanıqlı inkişaf məsələləri ilə bağlı ardıcıl işlər aparılır”.

Sonra çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, BMT-nin 2015-ci ildə qəbul etdiyi və 2030-cu ilə qədər nəzərdə tutduğu “Dayanıqlı İnkişaf üzrə Proqram” böyük əhəmiyyət kəsb edir:

“Bu proqramın əsas məramı yoxsulluğun azaldılması və aradan qaldırılması, əhalinin sağlamlığının qorunması, ətraf mühitin qorunması, təhsilin keyfiyyətinin yüksəldilməsi, gender bərabərliyi və digər böyük əhəmiyyət kəsb edən sahələrin inkişafına yönəlmiş bir proqramdır”.

Parlamentin bu prosesdə rolunun vacibliyini vurğulayan UNDP rezident əlaqələndiricisinin müavini Alessandro Fracassetti qeyd edib ki, bu proqram maarifləndirmənin aparılmasında da böyük əhəmiyyətə malikdir.

Daha sonra çıxış edən baş müşavir Ben Sley proqram haqqında məlumat verib: “Hazırda gördüyünüz missiyanın tərkibində təkcə BMT-nin İnkişaf Proqramı deyil, Azərbaycanın artıq əməkdaşlıq etdiyi Beynəlxalq Əmək Təşkilatı, UNICEF və digərləri də var. Bu isə BMT-nin ümumilikdə Azərbaycana və davamlı inkişaf məsələlərinin icrasında yardım etməkdə nə dərəcədə öhdəliyi öz üzərinə götürdüyünə hazır olduğunu göstərmək üçündür”.

Görüş müzakirələrlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti