...

Prezident İlham Əliyev: Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın (YENİLƏNİB-2) (FOTO)

Siyasət Materials 31 Oktyabr 2017 15:46 (UTC +04:00)
Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın.
Prezident İlham Əliyev: Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın (YENİLƏNİB-2) (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə biz bir daha gördük ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Dünyada bir-birinə yaxın olan, bir-birinə dəstək verən ikinci belə ölkələr yoxdur. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir. Təbii ki, müzakirə olunan məsələlərlə bağlı bizim aramızda fikir birliyi var, bütün məsələlər öz həllini tapır, müzakirə olunan məsələlər həyatda öz əksini tapır. Təbii ki, biz bu gün siyasi əlaqələrimizin gələcək inkişafını müzakirə etdik".

İlham Əliyev bildirib ki, Azərbaycan və Türkiyənin siyasi əlaqələri uğurla inkişaf edir: "Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. Mən bu il iki dəfə Türkiyədə olmuşam, bu gün isə Türkiyə Prezidenti Azərbaycanda səfərdədir. Nazirlər, digər vəzifəli şəxslər tez-tez görüşürlər. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman olduğu kimi bir-birimizi dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda Türkiyə-Azərbaycan həmişə bir-birinin yanındadır".

Prezident deyib ki, bu gün region üçün ən ağrılı problemlərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olundu:

"Mən Prezident Ərdoğana danışıqlarla bağlı son vəziyyət haqıqnda məlumat verdim. Əfsuslar olsun ki, bu münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağ və digər 7 rayon işğal altındadır və işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağından köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, bu qətnamələr kağızda qalır, Ermənistan buna məhəl qoymur və münaqişə öz həllini tapmır. Bu bizə qarşı göstərilən ikili standartlar siyasətidir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr, qərarlar icra olunmamış qalır".

Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: "Bunun başqa yolu yoxdur. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməz ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Mən bir daha Prezident Ərdoğana Türkiyənin bu məsələ ilə bağlı Azərbaycana verdiyi dəstəyə görə öz minnətdarlığımı bildirmişəm. Türkiyə bütün zamanlarda, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini dost kimi, qardaş kimi dəstəkləyir.

Bu gün biz hərbi sahədə əməkdaşlıq haqqında geniş müzakirə apardıq. Bu məsələ gündəlikdə duran məsələlərdəndir. Bu il üç dəfə Azərbaycanda, iki dəfə Bakıda, bir dəfə isə Naxçıvanda birgə hərbi təlimlər keçirildi. Bu da hərbi sahədə bizim əməkdaşlığımızı gücləndirən amildir. Eyni zamanda, hərbi-texniki sahədə birgə fəaliyyətimiz davam edir".

İlham Əliyev bildirib ki, Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün böyük maraq kəsb edir: "Biz Türkiyədən hərbi təyinatlı məhsulları alırıq və bundan sonra da alacağıq".

Prezident əlavə edib ki, iqtisadi sahədə bu gün imzalanmış sənəd böyük əhəmiyyət kəsb edir: "Preferensial, yəni imtiyazlı ticarət anlaşması böyük məna daşıyır və əminəm ki, bu anlaşmanın qüvvəyə minməsi nəticəsində aramızda olan ticarət dövriyyəsi də böyük dərəcədə artacaq.

Bu gün, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu, investisiyalar haqqında aidiyyəti qurumların rəhbərləri məruzə ediblər. Bu günə qədər Azərbaycandan Türkiyəyə 10, Türkiyədən Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulub. Bu sərmayələrin həcmi artacaq və Azərbaycandan Türkiyəyə qoyulacaq sərmayə 20 milyard dollara çatmalıdır".

Dövlət başçısı deyib ki, Türkiyə şirkətləri Azərbaycanda uzun müddətdir uğurla fəaliyyət göstərirlər və Türkiyə firmaları dövlət xətti ilə, Azərbaycan dövlət büdcəsi hesabına bu günə qədər 11 milyard dollar dəyərində müxtəlif işlər görmüşlər: "Biz çox şadıq, onların gördüyü işlər çox keyfiyyətlidir. Bu da iş adamları arasındakı dostluğu, əməkdaşlığı gücləndirir.

Təbii ki, bugünkü toplantıda ənənəvi olaraq enerji, nəqliyyat məsələləri müzakirə edildi. Burada da bütün qarşıya qoyduğumuz məsələlər öz həllini tapdı. Biz qoyduğumuz hədəflərə doğru inamla irəliləyirik".

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, TANAP layihəsi yaxın zamanlarda başa çatacaq. Bunun icrası ilə bağlı heç bir problem yoxdur:

"Bakı-Tbiliis-Qars dəmiryolu layihəsi isə dünən artıq istismara verildi. Bu tarixi günü biz birlikdə qardaşımla, Türkiyədən gəlmiş qardaş-bacılarımızla birlikdə qeyd etdik Bu, bizim böyük uğurumuzdur, böyük qələbəmizdir. Bu bir daha göstərir ki, Türkiyə və Azərbaycanın iştirak etdiyi və təşəbbüskarları olduğu bütün layihələr icra edilir. Necə ki, vaxtilə Bakı-Tbilisi-Ceyhan, ondan sonra Bakı-Tbilisi-Ərzurum, TANAP layihəsi və Baki-Tbilisi-Qars layihəsi də bu sıradan olan böyük transmilli, qitə miqyaslı bir layihədir. Bizim birliyimiz, dostluğumuz bütün bunları mümkün edib".

İlham Əliyev bildirib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bölgə üçün önəmli faktordur, bölgədə sabitləşdirici rol oynayır:

"Güclənən Türkiyə bizim gücümüzi artırır və biz də sizin uğurlarınıza ürəkdən sevinirik. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə bu gün dünya miqyasında böyük gücə çevrilib, düşmənlər isə məyus olur. Qoy, həmişə dostlarımız sevinsin. Əminəm ki, bundan sonra da ancaq inkişaf, tərəqqi və qələbə yolu ilə gedəcəyik. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədi olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti