Bakı. Trend:
İsrailin müdafiə naziri Aviqdor Libermana sui-qəsd cəhdində erməni izinin olması istisna deyil.
Trend-in məlumatına görə, bunu Azərbaycan müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov bildirib ki, burada erməni izinin olması istisna deyil.
Ç.Məmmədov bildirib ki, İsrail-Azərbaycan münasibətlərinin, xüsusilə də hərbi sahədə əməkdaşlığının inkişafı erməni tərəfinin daim ciddi narahatlığı ilə qarşılanıb:
"Elə bu yaxınlarda Ermənistan parlamentinin nümayəndə heyətinin İsrailə səfəri zamanı məhz Aviqdor Libermanın Azərbaycanı açıq-aydın dəstəkləməsi barədə verdiyi bəyanatlar da erməni deputatlarını son dərəcə məyus edib. Onu da xüsusi qeyd etmək lazımdır ki, erməni nümayəndə heyətinin İsrailə nəticəsiz, iflasa uğramış səfərindən dərhal sonra sui-qəsdin baş verməsi onun hələ səfər öncəsi planlaşdırıldığını ehtimal etməyə əsas verir".
Ekspert qeyd edib ki, Ermənistanın kriminal rejimi beynəlxalq terror təşkilatları, o cümlədən anti-israil qüvvələri ilə sıx və qarşılıqlı əlaqədə sui-qəsdlər və terror aktlarından məqsədlərinə nail olmaq üçün daim istifadə edirlər: "Bildiyimiz kimi, bu üsuldan istifadə hətta bir çox erməni təşkilatlarının nizamnamələrində öz əksini tapıb".
Ç.Məmmədov əlavə edib ki, dünyanın müxtəlif ölkələrində, məsələn Parisdə, Moskvada, İstanbulda və bir çox digər yerlərdə törədilən terror aktlarında və sui-qəsdlərdə ermənilərin birbaşa iştirakı öz təsdiqini tapıb: "Heç şübhəsiz ki, bu terror aktında da ermənilərin bilavasitə əli olması istisna deyil. Bu fikri təsdiq edən faktlardan biri də Ermənistanın israrlı cəhdlərinə baxmayaraq, İsrail parlamentinin qondarma “erməni soyqırımı”nı qəbul etməməsidir".